AZ

“PowerChina Resources Ltd” şirkəti ilə günəş və külək enerjisi layihələrinin inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması və enerji sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel və sentyabr aylarında Çinə səfərlərinin mühüm rolu vurğulanıb.  Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi qeyd olunub.

“PowerChina Resources Ltd” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası, həmçinin 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrasının mövcud vəziyyəti müzakirə edilib. Layihələrin inkişaf perspektivləri şəbəkəyə inteqrasiya və ixrac  imkanları çərçivəsində qiymətləndirilib. Hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əlavə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatlarının aparılması, həmçinin Türkiyə  və Avropa istiqamətlərində enerji interkonnektorlarının qurulması barədə məlumatlar diqqətə çatdırılıb.

“PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang bildirib ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və şirkət yeni investisiya layihələrinə maraq göstərir. Görüş zamanı bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Seçilən
20
6
ikisahil.az

7Mənbələr