AZ

Ərdoğan Tramp sazişi... ABŞnin Türkiyənin enerji bazarına daxil olması nə vəd edir?

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünən Ağ Evdə ABŞ və Türkiyə liderlərinin imzaladıqları ticarət sazişləri arasında qaz idxalı ilə bağlı anlaşma dəyərinə görə mühüm sənəd kimi dəyərləndirilir. Belə ki, qarşıdakı 20 il ərzində Türkiyə ABŞ-dən 43 milyard dollar dəyərində 70 milyard kubmetr mayeləşdirilmiş qaz (LNG) idxal edəcək.

Türkiyə iqtisadiyyatı hər il xaricdən aldığı enerjinin həcmini artırır. 2024-cü ildə Türkiyə təxminən 52 milyard kubmetr təbii qaz idxal edib ki, bu da əvvəlki ilə nisbətən artım deməkdir. Ən son məlumatlara görə, 2024-cü ilin iyun ayında qaz idxalı 36,8% artıb.

Əsas təchizatçılara gəlincə, Rusiya birinci yerdədir və Türkiyənin qaz idxalının təxminən 42%-ni (22 milyard kubmetrdən çox) təmin edir.

Azərbaycan 22%-lik (11 milyard kubmetr) payla ikinci sıradadır.

İran isə 14%-lik payla üçüncü yerdə qərarlaşıb.

Türkiyənin mayeləşdirilmiş təbii qaza olan tələbatının qalan hissəsi isə əsasən Əlcəzair, ABŞ, Misir və digər ölkələrdən alınan LNG hesabına ödənilir.

Qeyd edək ki, idxal olunan qazın mühüm hissəsi elektrik enerjisinin istehsalına yönəldilir. 2024-cü ildə Türkiyənin ümumi elektrik istehsalında təbii qazın payı 18,5% təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə azalma deməkdir. Digər enerji mənbələri arasında kömürün payı 35,6%, su elektrik stansiyalarının payı 22%, küləyin 10,7%, günəş enerjisinin isə 7,5% olub.

Xatırladaq ki, Ağ Evdə keçirilən müzakirələr zamanı ABŞ prezidenti Donald Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb. Bu çağırış təkcə Türkiyəyə deyil, Avropa Birliyi və NATO müttəfiqlərinə də ünvanlanıb. Məqsəd Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri azaltmaq və onun Ukraynada müharibə aparmaq imkanlarını məhdudlaşdırmaqdır.

Rusiya ilə enerji əlaqələri: 2024-cü ildə Türkiyə Rusiyadan neft idxalını 36% artıraraq gündəlik 323 min barelə çatdırıb. Təbii qaz idxalı isə 22,5 milyard kubmetr olub. Ümumilikdə, 2024-cü ildə Türkiyənin Rusiyadan idxal etdiyi mineral yanacaqlar, yağlar və distillə məhsullarının dəyəri 32,23 milyard ABŞ dolları təşkil edib.

Xam neftə gəlincə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ən iri emalçılarından biri olan “Tüpraş” Rusiyadan gündəlik 225 min barelə qədər xam neft alıb. Bu həcmdə idxalı qısa müddətdə sıfırlamaq Türkiyə üçün asan deyil. ABŞ-ın əsas niyyəti isə Ukrayna müharibəsindən sonra Avropa enerji bazarında strateji təchizatçı rolunu itirən Rusiyanı tamamilə kənarlaşdırmaq və onun yerini tutmaqdır.

Azərbaycanın payı: Azərbaycanın Türkiyəyə xam neft ixracı nisbətən azdır. 2024-cü ildə Türkiyəyə 430 522 ton xam neft göndərilib ki, bu da Azərbaycanın ümumi neft ixracında cəmi 1,82% təşkil edib.

Bununla belə, qaz ixracı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müttəfiqlik münasibətlərinə görə Türkiyəyə qazı Avropa ölkələri ilə müqayisədə daha ucuz satır.

Rəsmi rəqəmlərə görə, 2025-ci ilin ilk aylarında Türkiyəyə ixrac olunan qazın orta qiyməti 1 kubmetr üçün 48 qəpik, yəni 1 000 kubmetr üçün 480 manat olub.

Avropa bazarlarında isə qiymət fərqlidir. Niderlandın TTF qaz habında 2025-ci ilin iyun-iyul aylarında təbii qazın qiyməti 1 000 kubmetr üçün 455–460 ABŞ dolları arasında dəyişib. Deməli, Avropaya satılan qazla müqayisədə Türkiyəyə ixrac olunan qaz qat-qat ucuz başa gəlir. Bu, həm siyasi, həm də strateji baxımdan Ankara üçün mühüm üstünlükdür.

Yekun olaraq qeyd edək ki, Ağ Evdə imzalanan sazişə əsasən, ABŞ-ın 20 ildə Türkiyəyə 70 milyard kubmetr LNG satışı nəzərdə tutulur. Bu, ildə təxmnən 55-60 milyard kubmetr qaza tələbatı oıan Türkiyə üçün o qədərdə də böyük həcm deyil. Ancaq perspektivdə ABŞ-ın Türkiyəyə ixrac etdiyi qazın həcmini artırması Rusiya və İranın bazardakı payının müəyyən qədər azalmasına səbəb ola bilər. Azərbaycan isə strateji müttəfiqlik münasibətləri sayəsində Türkiyənin enerji təminatında mühüm rol oynamaqda davam edir.

E.Rüstəmli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr