Bu gün Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı beynəlxalq forum keçirilib.
APA xəbər verir ki, tədbirdə yerli və xarici nümayəndələr iştirak ediblər.
Forumun açılışında mədəniyyət nazirinin müavini Murad Hüseynov, İSESCO-nun Bakıda Regional Ofisinin direktoru Abdulhakeem Alsenan, TÜRK Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Forum çərçivəsində iştirakçılar Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin müasir dövr üçün əhəmiyyəti, Azərbaycan musiqi sənətinin inkişafında rolu və dünya musiqi mədəniyyətinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar.
Forum “Üzeyir Hacıbəylinin yaradıcılığında Şərq və Qərb sintezi” və “Üzeyir Hacıbəylinin dünya musiqi mədəniyyətində mövqeyi” panel sessiyaları ilə davam edib.
Qeyd edək ki, festival çərçivəsində tədbirlər sentyabrın 28-dək davam edəcək. Bu müddət ərzində Bakı və Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Türkiyə, ABŞ, İtaliya, Cənubi Koreya, Almaniya, İsveçrə, Fransa və digər ölkələrdə konsert proqramları, elmi konfranslar və xatirə tədbirləri təşkil olunur.
Xatırtladaq ki, forum Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə, ISESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutub.