AZ

Xəzərin gələcəyi sual altında: Dünyanın ən böyük gölü quruyub yoxa çıxacaq?

Xəzər dənizi son illər sürətlə kiçilməkdədir. Prezidentin də vurğuladığı kimi, bu proses yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, həm də insan fəaliyyətinin nəticəsidir. Əsas su hövzələrinin səviyyəsinin enməsi, çayların dənizə çatmadan tükənməsi, suvarmada israfçılıq və əhali artımı Xəzərin gələcəyini sual altına qoyur. Maraqlıdır, hansı antropogen faktorlar daha çox rol oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizi milyon illərdir müxtəlif dövrlərdə həm yüksəlib, həm də aşağı enib:

Qorxmaz

“Hazırda müşahidə olunan proseslər göstərir ki, dəniz getdikcə qurumağa doğru gedir. Bu, ani baş verəcək hadisə deyil, amma uzunmüddətli perspektivdə səhralaşma təhlükəsi mövcuddur. Əsas səbəb iqlim dəyişikliyidir. Yağıntıların azalması, hərarətin artması və buxarlanmanın çoxalması nəticəsində su balansı pozulur və səviyyə tədricən aşağı düşür”.

Ekoloqun sözlərinə görə, insan faktoru da Xəzərin kiçilməsini sürətləndirir:

“Əhali artdıqca kənd təsərrüfatına tələbat yüksəlir. Suvarma işlərində isə böyük israfçılıq müşahidə olunur. Bu səbəbdən Xəzərə axmalı olan çay sularının əksəriyyəti yolda tükənir. Volqa, Kür, Samur və xüsusilə də Ural çayının sularında ciddi azalma var. Nəticədə Volqa deltasında problemlər yaranır, Xəzərin şimal hissəsi isə sürətlə dayazlaşır. Bu, həm naviqasiya üçün riskdir, həm də fauna və floranın mövcudluğunu təhlükə altına salır”.

Qorxmaz İbrahimli əlavə edib ki, dünyada gedən təbii prosesləri elm müəyyən qədər proqnozlaşdıra bilsə də, gələcəkdə yağıntıların artması ilə Xəzərin səviyyəsinin yenidən yüksəlməsi də mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
15
2
konkret.az

3Mənbələr