Unikal.az saytına istinadən ain.az xəbər verir.
“27 Sentyabr – Anım Günü” ərəfəsində, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü və “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı yeni tərtibatda işıq üzü görüb. Nəşr “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən oxuculara təqdim olunur.
"Unikal" xəbər verir ki, kitabda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Ordubadlı Vətən övladlarının – Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Antiterror əməliyyatı zamanı şəhid olmuş qəhrəmanların həyat yoluna və döyüş rəşadətinə geniş yer ayrılıb.
Əsərdə, digər nəşrlərdən fərqli olaraq, Ordubad rayonunun bütün şəhidlərinin həyat hekayələri ilə yanaşı, həm də “Vətən Müharibəsi Qəhrəmanı” Ramin Həsənov və “Sovet İttifaqı Qəhrəmanı” Nəcəfqulu Rəfiyev haqqında da məlumat təqdim edilir. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş “Dəmir Yumruq” əməliyyatına, eləcə də Ordubad torpağında uyuyan Qafqaz İslam Ordusu şəhidlərinə dair materiallar da kitabda əks olunub.
Nəşrin əsas məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlıqlarını gənc nəslə tanıtmaq, vətənpərvərlik və yenilməzlik ruhunu aşılayaraq tarixi yaddaşı möhkəmləndirməkdir.
Kitabın müəllifi fəlsəfə doktoru Yəhya Babanlıdır. Ön sözün müəllifi filosof-şair Rüstəm Behrudi, məsləhətçiləri Şəmsəddin Xanbabayev və Həsən Abbasov, redaktorları isə Ramazan Səfərov və Qoşqar Əsədzadədir. Sanballı Redaksiya Heyətinə malik olan əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.