AZ

Qəhrəmanlıq, şərəf və ləyaqət günü

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər bir xalqın taleyində elə günlər var ki, onlar heç vaxt unudulmur, zaman keçdikcə müqəddəsləşir, millətin yaddaşında əbədi iz qoyur, sevgi və qürurla yad edilir. Bu günlər milli həmrəylik, iradə və qəhrəmanlığın simvoluna çevrilir. Azərbaycan üçün 27 sentyabr Vətən müharibəsinin başlandığı, torpaqlarımızın azadlığı uğrunda igid oğullarımızın canı və qanı ilə yazılmış şanlı salnamənin ilk səhifəsidir. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının əzmkar mübarizəsinin rəmzinə çevrildi. 27 sentyabrdan başlayaraq bütün dünya bir daha Azərbaycanın qüdrətinə, xalqımızın sarsılmaz həmrəyliyinə və lider-xalq birliyinin gətirdiyi möhtəşəm qələbəyə şahid oldu.

Bu müharibə göstərdi ki, Azərbaycan xalqı öz haqqını qorumağa qadir, öz torpağını azad etməyə əzmli və iradəlidir. Uzun illər davam edən ədalətsizlik, işğal və təxribatlara qarşı xalqımız bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Dünya bir daha anladı ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti qurula bilməz və bu fikir bizim üçün qəbuledilməzdir. Qarabağın Azərbaycana aid olması artıq sübut və izaha ehtiyac duymayan bir həqiqətdir. Bu həqiqət milyonların qəlbində yaşanan inamdan, şəhidlərin canı və qanı ilə yazılmış tarixdən doğur. Bu, sadəcə bir ifadə deyil,  bir xalqın ruhunun, mübarizəsinin və haqq savaşının rəmzidir. 27 sentyabr isə yaddaşımıza təkcə müharibənin başlanğıcı kimi deyil, həm də milli dirçəlişin, xalq birliyinin və əbədi iradənin günü kimi həkk olundu. Bu tarix bizi daha da möhkəmləndirdi, bir amal ətrafında birləşdirdi, sarsılmaz qürur hissi ilə millətimizin taleyini yenidən yazdı. 

Regionda davamlı sülhün bərqərar olmasının tərəfdarı olan Azərbaycan uzun müddət qarşı tərəfə şans verdi, qan tökülməsinin qarşısını almağa çalışdı. Lakin işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi, havadarlarına arxalanaraq özünü idarəolunmaz uşaq kimi aparması, yeni ərazi iddiaları irəli sürməsi və təmas xətti boyunca davamlı şəkildə gərginlik yaratması nəticə etibarilə yeni bir münaqişənin başlanğıcı oldu. Bu təxribatlar Azərbaycanın cavab haqqını labüd etdi və nəticədə Vətən müharibəsi başlandı. 27 sentyabrda başlanan bu haqq savaşında Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuzun peşəkarlığı və əzmi öz sözünü dedi. 44 gün ərzində Ermənistan ordusu tarixinin ən ağır məğlubiyyətini yaşadı və nəticədə rüsvayçı kapitulyasiya aktına imza atdı. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, bir sıra strateji yüksəkliklər və ən əsası, əlbəyaxa döyüşlə, misilsiz qəhrəmanlıq nümunəsi ilə azad edilmiş Şuşada Azərbaycan bayrağı dalğalandı. Bizi illərlə hədələyən saxta “qəhrəmanlar” isə döyüş meydanından fərari kimi qaçaraq öz acizliyini ortaya qoydular. İşğalçı ölkə rəzil itaətə sövq edildi. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanat Azərbaycan Respublikasının haqq işində qazandığı parlaq uğurun beynəlxalq müstəvidə rəsmiləşməsinə çevrildi. Müharibə meydanında darmadağın edilən Ermənistan isə bu sənədlə təslim oldu.

Üçtərəfli sənədin əsas müddəalarına əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir atəş açılmadan Azərbaycana qaytarıldı. 

Bu, hərbi meydanda qazanılan üstünlüyün siyasi platformaya uğurla inteqrasiya olunduğunu nümayiş etdirdi və Azərbaycanın regionda aparıcı aktora çevrildiyini bir daha ortaya qoydu. 

Müzəffər Ali Baş Komandanın da qeyd etdiyi kimi Üçtərəfli Bəyanat Azərbaycanın böyük siyasi nailiyyətidir. Dövlət başçımız tam haqlı olaraq bu sənədi tarixi uğur kimi qiymətləndirdi. Çünki ordumuzun qüdrəti və 44 gün ərzində əldə olunan hərbi üstünlük qarşı tərəfi geri çəkilməyə, şərtsiz təslim olinmağa məcbur etmişdi.

Beləliklə, 27 sentyabrdan başlanan Vətən müharibəsi Ali Baş Komandanın siyasi və hərbi qətiyyəti, ordumuzun döyüşkənlik ruhu ilə xalqımıza heç zaman unudulmayacaq qalibiyyət yaşatdı. Müstəqillik tariximizin əvəzolunmaz səhifələrindən biri kimi 27 sentyabr qəhrəmanlıq, şərəf və ləyaqət günü kimi yaddaşlara həkk olundu. 27 Sentyabr xalqımız tərəfindən Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu gün rəsmi olaraq Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən sonsuz hörmət və minnətdarlıqla yad olunur. 

Onlar canları və qanları bahasına uzun illər düşmən əsarətində qalan torpaqlarımızı işğaldan azad edərək əbədiyyətə, ən uca məqama ucaldılar. Bu gün biz müstəqil Azərbaycanın azad vətəndaşları kimi yaşayırıqsa, bu, məhz şəhidlərimizin misilsiz qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olmuşdur. Nə qədər ki, müstəqil Azərbaycan dövləti mövcuddur, nə qədər ki, bu xalq yaşayır və Vətən ruhu ilə nəfəs alır, şəhidlərimizin müqəddəs xatirəsi bizim and yerimiz, amal və iradə mənbəyimiz olacaqdır. Bizə Vətəni qorumağı, yaşatmağı və onun uğrunda bir amal ətrafında birləşməyi öyrədən də məhz şəhidlərimizin göstərdiyi şücaət və vətənpərvərlik nümunəsidir. Bu qəhrəmanlıq dastanı hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Xumar Məmmədova,   
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr