ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa 27 500 bilet satılıb. Digər tərəfdən, hazırda bəzi azarkeşlər arasında narazılıq hökm sürür. Bildirilir ki, əvvəlki avrokubok oyunları ilə müqayisədə biletlərin qiymətlərində kəskin artım müşahidə olunur. Belə ki, öncəki matçlarda 20 manata satılan biletlər indi 30 manata təklif edilir. Həmçinin VIP sektorunun biletlərinin qiyməti 300 manatdan 500 manata qaldırılıb. Qeyd edilən səbəblərə görə əksəriyyət bilet tapa bilmir.
Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Qarabağ“ın oyununa biletlərin qiymətinin artması indiki məqamda normal haldır:
“Əgər oyuna maraq və tələbat varsa, qiymətlərin yüksəlməsi də təbiidir. Bu, bütün dünyada belədir. Futbol oyunlarında sabit qiymət olmur, bilet dəyərləri oyundan oyuna dəyişir. Məsələn, İspaniyada “El Klassiko”ya olan bilet qiyməti “Barselona–Elçe” oyunundakı qiymətlə eyni deyil. Eyni qaydada, “Barselona”–”Mançester” oyununun bileti də digər oyunlarla müqayisədə fərqli olur. Yəni burada qeyri-adi heç nə yoxdur, çünki futbol həm də biznesdir”.
Natiq Muxtarlı
Jurnalist bildirib ki, xüsusən avrokuboklarda klublar böyük komandalarla qarşılaşmalardan həm bilet, həm də televiziya yayımı vasitəsilə gəlir əldə etməyə çalışırlar:
“Təbii ki, “Qarabağ“–”Liverpul” və ya “Qarabağ”–”Çelsi” oyunlarına maraq və satış, “Qarabağ”–”Kopenhagen” oyununa nisbətən daha çox olur. Ağdam təmsilçisinin “Benfika” üzərində qələbəsi isə həm ölkə daxilində, həm də beynəlxalq arenada komandaya olan diqqəti artırıb və bu da bilet qiymətlərinə təsir göstərib. Məsələn, 20 manatlıq biletin 30 manata qalxması təxminən 50 faizlik artım deməkdir. Bu, müəyyən narazılıq yaratsa da, səviyyəli oyun izləmək üçün əlavə xərc qaçılmazdır. Digər ölkələrdə də oxşar vəziyyət müşahidə olunur”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.