AZ

Müəllimlərin peşəkar inkişafı üçün hansı yeni mexanizmlər tətbiq olunmalıdır?

"Müəllimlərin peşəkar inkişafı üçün tətbiq edilməli olan yeni mexanizmlərə ehtiyac hədsiz çoxdur".

Bu fikirləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib:

"Bu mexanizmlər bir neçə qrupa bölünməli və hər qrup üzrə də ən vacib meyarlar seçilməlidir. Bu məsələdə beynəlxalq təcrübədən ən yüksək səviyyədə yararlanmalı və görüləcək işlər davamlı xarakter daşımalıdır. Adətən hər hansı yeni mexanizmin tətbiqi, daha doğrusu, tətbiqinə cəhd bir-iki məsələnin icrası ilə yekunlaşıb. Amma müəllimlərin peşəkar inkişafı üçün zəruri olan mexanizmlərin tətbiqi mütləq və mütləq davamlı surətdə həyata keçirilməli, sistemli proqrama söykənməlidir. Bizim təhsil seqmentində isə məhz bu sistemlilik çatışmayıb və təəssüf ki, bu gün də analoji problem davam edir. Halbuki yeni mexanizmlərin tətbiqi yalnız və yalnız konkret proqramın varlığından asılıdır".

O bildirib ki, müəllimlərin peşəkar inkişafı üçün həyata keçirilməli olan yeni mexanizmləri qruplaşdırsaq, burada ilk növbədə tədqiqat prinsipləri ilə iş və yüksək tədqiqat metodlarının öyrənilməsi mexanizmini deməliyik: “Çünki çağdaş dünyanın əsas təhsil trendi məhz tədqiqat üzərindən işlərin aparılması, hər hansı fənnə aid olan, hər hansı mövzuları məhz tədqiqat süzgəcindən keçirərək təhsilalanlara çatdırmaqdır. Təəssüf ki, bu istiqamətdə təhsilimizdə çox ciddi boşluqlar vardır. Bu gün sadalanan peşəkar inkişaf mexanizminin tətbiqi üçün bütün məktəblərdə olmasa da, müəyyən seçilmiş məktəblərdə, iri şəhərlərdə yerləşən əsas təhsil müəssisələrində “elmi-tədqiqat klubları” yaradıla bilər. Bu əmin olun ki, müəllimin təhsilə olan yanaşmasına köklü şəkildə təsir edəcəkdir. Peşəkar inkişaf mexanizmlərinin tədqiqat yönümlü prinsipləri şagirdləri real həyata, biliklərin yaşadığı aləmə tətbiqinə daha çox inandıracaq”.

Elmin Nuri bildirib ki, bir başqa peşəkar inkişaf mexanizmi isə təcrübə mübadilələri ilə bağlı olmalıdır: “Az öncə tədqiqat yönümlü təhsil üçün müəllimin inkişafı mexanizmini vurğuladıq. Amma gəlin etiraf edək ki, həm bu, həm də digər yanaşmalar üçün müəllimlərimizə zəruri təcrübə, bilik və bacarıqlar daha çox lazımdır. Bu səbəbdən də onlar xarici ölkənin tədris mühiti ilə tanış olmalı, beynəlxalq mübadilə proqramlarından ilboyu yararlanmalıdırlar. Bu isə təəssüf ki, çox çətin görünür. Çünki bu mexanizmin icrası üçün adıçəkilən mübadilə proqramlarının daha yaxşı inkişaf etdirilməsinə xüsusi ehtiyac var. Biz həm Erasmus+ mübadilə proqramını, həm də türk dövlətləri arasındakı Orhun mübadilə proqramını mütləq daha da işlək hala gətirməli və müəllimlərimizi bu layihələrə cəlb etməliyik”.

Ayşən Sadıxzadə

Seçilən
24
operativmedia.az

1Mənbələr