AZ

Bir neçə cinayətdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Baş prokurorluqdan bildirilib.

Bildirilib ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib.

Emin Ramazanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Seçilən
16
21
7news.az

10Mənbələr