Olke.az saytına istinadən ain.az xəbər verir.
“Vəzifə, pul və şöhrət əlindən çıxandan sonra bir nəfər sənin qapını döyürsə, deməli, həqiqi dəyərin var. İnsanlara əsl hörməti həyatın sonunda, sənin ətrafındakı əzizlərin və tələbələrin verirlər”
Ölkə.Az xəbər verir ki, tanınmış ictimai xadim Müşfiq Ötgün “Künc-Bucaq” YouTube” kanalına verdiyi müsahibəsində Azərbaycanda dəyərlərin pozulması, insanların hörmətə yanaşması və gənclərin həyat seçimləri barədə maraqlı açıqlamalar verib.
Filosof bildirib ki, zənginlik, maşın və vəzifə insanların hörmətini qazanmaq üçün kifayət etmir.
M.Ötgün bildirib ki, cəmiyyətdə hörmət və dəyər çox vaxt pul, vəzifə və şöhrətə görə ölçülür: “Yaxşı pul, yaxşı maşın vəzifəyə hörmət gətirir, amma həyatın sonunda insanın əsl dəyərini Allah bilir. Zahiri şeylərlə insanlar qısamüddətli hörmət qazana bilər, amma həqiqi dəyərini yalnız sənin yaxınların və sənə hörmət edən insanlar tanıyır. Bu, illər, hətta minillər keçsə də dəyişməyəcək”.
M.Ötgün həmçinin gənclərin nikahdan yayınması və qadınların azadlıq istəməsini müasir problemlər kimi qiymətləndirib. O, klassik ailə modelinin pozulduğunu, kişilərin məsuliyyətdən qaçdığını, qadınların isə liderlik və azadlıq axtardığını qeyd edib:
“Kişilər məsuliyyətdən qaçır, qadınlar isə azadlıq istəyir. Bu da klassik ailənin davamını çətinləşdirir. Uşaqları böyüdərkən məsuliyyət daşımaq, onların doğru tərbiyəsi üçün vacibdir. Gənclər daha çox nikahdan kənar yaşamağa üstünlük verirlər. Bu, dəyərlərin pozulması və nikah institutunun zəifləməsi deməkdir. İnsanlar həyatın məqsədini komfortlu yaşamaqla qarışdırır, amma əsl dəyəri yalnız çətinliklərdən, sınaqlardan sonra anlayırlar”.
Filosof həmçinin gənclərin və cəmiyyətin əxlaq və dəyərlərlə bağlı vəziyyətinə toxunaraq, Qərb və Şərq mədəniyyətləri arasındakı fərqlərə diqqət çəkib:
“İndi özünü göstərmək, açıq-saçıq geyim daha çox üstünlük qazanır. Amma əsl güc, qadının şəxsiyyətində, peşəkar uğurunda və özünü qorumasındadır”.
Müsahibədə Müşfiq Ötgün valideyn-övlad münasibətlərinə də toxunub:
“Uşaqlar adətən ata və analarını kopyalamağa çalışır. Valideynlər övladlarının gələcəyi üçün düzgün tərbiyə verməlidirlər. Təhsil və əxlaq anlayışı valideynin nümunəsi ilə formalaşır. Analar və atalar qızına deməlidir ki, qızım o ətəklə çölə çıxmaq olmaz , yaxşı deyil. Çünki o uşaq başa düşmür, o ətəyi geyinir, çıxır çölə və görür ki, hamı ona heyranlıqla baxır”.
Müşfiq Ötgün müsahibəsində həm də dini təhsil, hicab məsələsi və cəmiyyətin qadınlara münasibətini müzakirə edib, gənclərin həyat seçimlərini və dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.