AZ

Avropadan Kremlə sərt xəbərdarlıq - NATO sərhədini pozan Rusiya qırıcıları vurulacaq, Türkiyənin 2015-dəki addımı misal göstərildi...


Son həftələr Rusiya döyüş təyyarələri Polşa, Estoniya və Rumıniyanın hava məkanını pozub, pilotsuz uçuş aparatları isə Danimarkada hərbi aerodrom üzər uçuş keçirib. Bu hadisələrdən sonra iki dəfə NATO-nun 4-cü maddəsi gündəmə gətirilib.

Bütün bunlardan sonra Avropada hava məkanını pozan Rusiya təyyarələrinin vurulması ətrafında müzakirələr başlayıb. NATO-nun baş katibi Mark Rutte bildirib ki, Qərb Rusiya təyyarələri NATO hava məkanını pozarsa, onları vurmalıdır. ABŞ prezidenti Donald Tramp da avropalı müttəfiqlərini dəstəkləyib və deyib ki, NATO müttəfiqlərinin hava məkanını pozan Rusiya təyyarəsini vurmalıdır. 2015-ci ildə Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsini vurması da buna misal olaraq göstərilir.

“Bloomberg” xəbər verir ki, avropalı diplomatlar bağlı qapılar arxasında Kremlə xəbərdarlıq ediblər. Qeyd edilir ki, diplomatlar Rusiya təyyarələri yenidən NATO sərhədlərini pozarsa, alyansın sərt cavab verməyə, o cümlədən bu təyyarələri vurmağa hazır olduğunu bildiriblər.

Məlumata görə, bu sərt mövqe Moskvada keçirilən gərgin görüşdə də səsləndirilib. Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri Estoniya ilə bağlı üç MiQ-31-in iştirakı ilə baş verən insidentə sərt etiraz ediblər. Moskvanın təkziblərinə baxmayaraq, Avropa paytaxtları pozuntunun qəsdən törədildiyində israr edir. Nümayəndələrin sözlərinə görə, bu, təsadüfi hadisə deyil, Rusiya komandanlığının əmri ilə qəsdən törədilmiş təxribatdır.

CNN-ə danışan Avropa Komissiyasının sədri Ursula fon der Leyen də NATO-nun qətiyyətini təkrarlayıb və buna misal olaraq Türkiyənin 10 il əvvəl Rusiya təyyarəsini vurmasını göstərib. Jurnalistin Türkiyənin 10 il əvvəl Rusiya təyyarəsini vurduğunu və bunun “bədəlini ödəmədiyini” xatırladaraq, “İndi onların burnuna yumruq vurmağın vaxtıdırmı?” sualını verib. Leyen isə, "Bu, NATO-nun prinsipidir və 5-ci maddədir. Bizim ərazimizə toxuna bilməzsiniz" deyib və bunun NATO-nun qərarı olacağını bildirib.

Kreml isə Qərbə xəbərdarlıq edib ki, Rusiya döyüş təyyarəsinin “vurulması” “müharibə aktı” kimi qiymətləndiriləcək. "Bu barədə danışmaq belə istəmirəm, bu, çox məsuliyyətsiz bir bəyanatdır, çünki Rusiyanın hərbi təyyarələrindən birinin onların hava məkanını pozaraq səmada onlara hücum etməsi ilə bağlı ittihamı əsassızdır" – deyə Kremlin sözçüsü Peskov bildirib.

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov da bunun "müharibə elanı olacağı" barədə xəbərdarlıq edib. Xarici işlər naziri Lavrov isə NATO və Aİ-ni Ukraynaya dəstək verərək Rusiyaya faktiki müharibə elan etməkdə ittiham edib. Kremlin sözçüsü Dmitri Peskov onları “əsassız iddialar, məsuliyyətsiz bəyanatlar” adlandırıb.

TAHİR

Seçilən
16
baki-xeber.com

1Mənbələr