Budapeşt, 26 sentyabr, AZƏRTAC
Azərbaycannın Macarıstandakı səfirliyi Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (Association for Youth Integration and Development - AYID) ilə əməkdaşlıq çərçivəsində 27 Sentyabr - Anım Gününə həsr olunan onlayn konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, AYID sədri Fərqanə Bayramlının moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə Anım Günü kimi qeyd olunan 27 Sentyabrda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarımızın əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyi bildirilib. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünü və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının təmin edildiyi qeyd olunub. Vətən müharibəsinin və 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyi vurğulanıb.
Tədbirdə Vətən müharibəsinin başlanması səbəbləri, müharibə dövründə Gəncə şəhəri, Tərtər və Bərdə rayonlarında çoxsaylı mülki şəxslərin ölümünə səbəb olan erməni silahlı qüvvələrinin raket hücumları barədə məlumat verilib, bu hücumlara beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməsinin əhəmiyyəti vurğulanıb. Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən kütləvi şəkildə minalar basdırdığı, infrastrukturun, eləcə də tarixi, mədəni və dini irsimizi məhv edildiyi, təbii ehtiyatların talan olunduğu diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün şərait yaratdığı qeyd olunub, cari ilin 8 avqust tarixində Vaşinqtonda keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün nəticələrindən danışılıb. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından bəhs edilib.
Həmçinin Macarıstanın ölkəmizin mövqeyinə verdiyi beynəlxalq hüquqa əsaslanan dəstəyin regionda davamlı sülh və sabitliyə nail olunmasına və Avropa təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Konfransa Macarıstandakı diplomatik korpusun, ölkənin aparıcı beyin mərkəzlərinin, Budapeştdəki Azərbaycan Evinin və media qurumlarının nümayəndələri, eləcə də Macarıstanda və digər ölkələrdə təhsil alan azərbaycanlı və xarici tələbələr qatılıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt