AZ

Sülh müqaviləsi bu baxımdan önəmlidir Ombudsman

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş onlayn konfrans keçirilib.

Bu barədə Axar.az-a İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından məlumat verilib.

Qeyd olunub ki, konfransda ölkəmizin Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açılış nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki məruzələrlə çıxış ediblər.

Ombudsman Səbinə Əliyeva çıxışı zamanı 44 günlük Vətən müharibəsinin müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun tarixi ədalətin bərpası naminə nümayiş etdirdiyi qəhrəmanlıq xalqımız tərəfindən əbədi olaraq xatırlanacaqdır.

Ermənistan və Azərbaycan arasında uzun illər davam etmiş münaqişənin ağır nəticələrinə toxunan Ombudsman 2020-ci il 27 sentyabrda Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmaqla genişmiqyaslı hücuma başladığını, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu həyata keçirərək əks-hücum əməliyyatına başladığını, nəticədə işğal altında olan torpaqların azad edilməsini tələb edən BMT qətnamələrinin də yerinə yetirildiyini bildirib.

Ombudsman Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki əhalinin yaşadığı ərazilərin qadağan edilmiş silahlardan istifadə edilməklə hədəfə alındığını, nəticədə 100-ə yaxın şəxsin, o cümlədən 12 uşağın həlak olduğunu, 450-dən çox mülki şəxsin isə yaralandığını qeyd edib. Bununla da Ermənistanın beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik nümayiş etdirdiyi vurğulanıb.

Həmin dövrdə Ombudsman tərəfindən Naftalan, Tərtər, Gəncə, Bərdədə hücumlara məruz qalmış ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirildiyi, zərərçəkən şəxslərlə görüşlər keçirildiyi, sənədləşdirilən faktların beynəlxalq ictimaiyyətə ünvanlanan geniş hesabatlarda öz əksini tapdığı qeyd edilib.

S.Əliyeva bildirib ki, Vətən müharibəsinin başlandığı gündən etibarən, eləcə də postmüharibə dövründə ümumilikdə Ombudsman tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlara 18 hesabat, 29 bəyanat, 82 müraciət göndərilib.

Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işlərinin, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının böyük qurur hissi yaratdığı qeyd edilib.

Yekunda Ombudsman insan hüquqlarının təmini və müdafiəsi baxımından sülhün əvəzsiz rolunu qeyd edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bütün regionda davamlı sülh və birgə yaşayışın təmininə, gələcək nəsillər üçün təhlükəsiz, nifrət və dözümsüzlüyün olmadığı bir mühitin formalaşmasına şərait yaradacağına inanımını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
axar.az

3Mənbələr