GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Türk seriallarında Azərbaycan mədəniyyətinə hörmətsizlik qəbuledilməzdir” – Cem Küçük
“İstər Türkiyə ictimaiyyətinin əksəriyyəti, istərsə də Türkiyə dövləti Azərbaycana vazkeçilməz qardaş ölkə kimi, iki dövlət, bir millət kimi baxır. Ona görə də Türkiyədə müəyyən məsələlər barədə eyni cür düşünmədiyi üçün Azərbaycana qarşı mövqe sərgilənməsini normal hesab etmirəm”.
Bu sözləri türkiyəli yazıçı, jurnalist Cem Küçük Türkiyə mediasında Azərbaycana qarşı aparılan kampaniya haqda Globalinfo.az-a açıqlamasında deyib.
“Türkiyədə İsraillə bağlı çox ciddi bir həssaslıq var. Ancaq Azərbaycan İsraillə bağlı bizim kimi düşünmür deyə mövqe sərgiləmək düzgün deyil. Azərbaycan hər il Fələstinə humanitar yardım edir, Fələstinlə bağlı qətnamələri dəstəkləyir. Azərbaycanın İsraillə də xüsusi əlaqələri var. Amma bu o demək deyil ki, Azərbaycan İsrailin etdiyi hər şeyi bəyənir. Necə ki, Türkiyə keçmişdə, məsələn, Ermənistanla bağlı bəzi addımlar atdı. Azərbaycanlı bacı-qardaşlarımız bunu bəyənməmiş ola bilər. Amma bəzən dövlətlər belə bəyanatlar verə bilirlər. Bu, Türkiyə ilə Azərbaycanın arasını heç vaxt vurmaz. Onu da unutmaq olmaz ki, Türkiyə Azərbaycan-İsrail münasibətlərində önəmli rol oynayır. Türkiyə mediası bu məsələlərlə bağlı məlumat verməlidir, danışmalıdır. Biz media mənsubu olaraq bundan sonra bu məsələlərdə daha diqqətli olmalıyıq”.
Cem Küçük
Onun sözlərinə görə, hər bir ölkənin təbii olaraq, digər ölkələrlə öz xüsusi və ya fərqli münasibətləri var:
“Məsələn, Türkiyə Respublikasının Qətərlə xüsusi münasibəti var. Amma beynəlxalq məsələlərə gəlincə, Türkiyə və Azərbaycanın maraqlarından söhbət gedirsə, iki ölkə birgə hərəkət edir. Mən şəxsən Azərbaycanı heç vaxt özümdən ayrı görmürəm. İlham Əliyev mənim də prezidentimdir. Kiçik fikir ayrılıqları olsa belə, prezident Ərdoğanla prezident İlham Əliyev oturub öz aralarında müzakirə edər və yoluna qoyarlar”.
C.Küçük həmçinin deyib ki, bəzi türk seriallarında, Azərbaycanın dilinə, mədəniyyətinə edilən hörmətsizlik də qəbuledilməzdir:
“Azərbaycanın özünəməxsus mədəniyyəti və ənənələri var. İnsanları təhqir etmək, Azərbaycan dilinə, mədəniyyətinə hörmətsizlik etmək son dərəcə yanlışdır. Hər kəsin dilinə, mədəniyyətinə böyük hörmət bəsləmək lazımdır”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.