AZ

"Heç bir ölkə təkbaşına bu Xəzəri xilas edə bilməz" - Sona Vəliyeva

Yazını böyüt
Yazını kiçilt

“Xəzər dənizi sadəcə bir su hövzəsi deyil - o, regionumuzun döyünən ürəyidir. Xəzər, həmçinin, saysız-hesabsız balıq, bitki və digər canlı növlərinə məskən olaraq, biomüxtəlifliyin qorunmasında həlledici rol oynayır. Bütün göllər kimi, Xəzər də öz ekoloji əhəmiyyətindən başqa, iqlimin tənzimlənməsinə böyük töhfə verir, ətraf əraziləri sərin saxlayır, daşqın sularını udur və karbonu özündə saxlaya bilir. Eyni zamanda, turizm, balıqçılıq, neft və qaz istismarı və digər fəaliyyətlər ilə ölkənin iqtisadi rifahını gücləndirən imkanlar açır”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat təəssüflə qeyd edib ki, hazırda Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir. Eyni zamanda qlobal istiləşmə və hədsiz istifadə nəticəsində Xəzərə axan çayların suyunda azalma müşahidə olunur:

“Xəzərə tökülən və onu qidalandıran əsas su ehtiyatı - Volqa çayının suyunun azalması ən başlıca səbəblərdən biridir. Son 10 ildə bir metrdən çox onun səviyyəsi aşağı düşüb. Xəzərin suyunun çəkilməsi neft və qaz istismarına da öz mənfi təsirini göstərir. Onun sahilləri quruyur, ətrafında isə səhralaşma sürətlə yayılır. Xəzərə axan çayların suyunun təmiz olmaması da burada əlavə ekoloji çirklənmə yaradır. Belə ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin çirkab sularının transsərhəd çaylara axıdılması nəticəsində Xəzərə tökülən həm Araz, həm də Kür çayı kimyəvi çirklənməyə məruz qalır. Bununla da BMT-in Transsərhəd Kontekstdə Ətraf Mühitin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələbləri pozulur”.

P.Vəliyeva qeyd edib ki, bu yalnız Azərbaycanın problemi deyil. Beş ölkəni birləşdirən Xəzər dənizinin region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizi olduğunu vurğulayan deputat ildirib ki, heç bir ölkə təkbaşına bu dənizi xilas edə bilməz:

“Beş ölkə yalnız birgə, çiyin-çiyinə bu problemi həll edərək Xəzəri qoruya bilər. Qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanmışdır. Prezident İlham Əliyev 2022-ci ildə Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Xəzərin ekoloji çirklənməsini vurğulayaraq bildirmişdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan sayılır. Xəzərin ekoloji vəziyyəti haqqında birgə tədqiqat işlərinin aparılması da real mənzərəni ortaya qoya və görüləcək tədbirləri müəyyənləşdirmək üçün zəmin ola bilər”.

P.Vəliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Prezident İlham Əliyevin Xəzərin suyunun sürətlə azaldığı və bunun yalnız iqlim dəyişmələri ilə bağlı olmadığı fikrinə diqqət çəkib:

“Çıxışında Xəzərin qorunması üçün region ölkələrinin birgə səylərinin vacibliyini qeyd edən Prezident bu sahədə BMT ilə əməkdaşlığa hazır olduğumuzu ifadə etdi. O, bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi. Ətraf mühitin qorunması sahəsində Konvensiyaların, xüsusilə “Beynəlxalq Göllər haqqında” Konvensiyanın tələblərindən irəli gələrək BMT Xəzəryanı ölkələrin bu sahədə regional əməkdaşlıqlarını təşviq edə bilər”.

Deputat qeyd edib ki, BMT-nin “Sərhədi keçən su axınları və beynəlxalq göllərin qorunması və istifadəsi” haqqında 1992-ci ildə Helsinkidə qəbul edilmiş konvensiyasının məqsədi dövlətlər arasında su mənbələrinin qorunması və dayanıqlı istifadə prinsiplərini təmin etmək üçün əməkdaşlıq mexanizmləri yaratmaqdır. Konvensiya, monitorinq, tədqiqat, məlumat mübadiləsi, xəbərdarlıq sistemləri, qarşılıqlı yardım və ictimai iştirak kimi tədbirləri nəzərdə tutur:

“BMT-nin “Beynəlxalq su mənbələrinin qeyri-naviqasiyalı istifadəsi haqqında” 1997-ci il Konvensiyası isə tələb edir ki, dövlətlər “significant harm” - ən azı vacib ziyan verməmə - prinsipinə riayət etməli, resursları ədalətli şəkildə bölüşdürməli, su axınlarının istifadəsi ilə bağlı tədbirlərinin qonşu dövlətlərə mənfi təsir göstərib-göstərmədiyini diqqətlə qiymətləndirməlidirlər. Bu Konvensiyaya görə, dövlətlər bir-birlərinə su istifadəsi ilə bağlı planlarını əvvəlcədən bildirməli, digər dövlətlərin narahatlıqlarını dinləməli və zəruri hallarda müzakirələr aparmalıdırlar.

Göründüyü kimi, BMT-nin su mənbələrinin müdafiəsi ilə bağlı real beynəlxalq hüquqi mexanizmləri mövcuddur. Lakin burada birgə addımların atılması vacibdir. Bu gün Xəzər üçün birgə hərəkət etməsək, “tragedy of commons” - ortaq sərvətlərin faciəsi - baş verə bilər”.

Seçilən
21
6
hafta.az

10Mənbələr