AZ

Dünya xalqlarının BMT-dən gözləntisi indi daha çoxdur

Səksən il əvvəl 50 dövlətin yaratdığı Birləşmiş Millətlər Təşkilatı (BMT), əslində, “Ümumdünya Hökuməti” kimi təsis edilmişdi və bu cür ad seçimi təsadüfi deyildi. İkinci Dünya müharibəsinin sonunda Naqasaki və Hiroşimaya atılan atom bombalarının dəhşətli nəticələri göstərdi ki, dünya sivilizasiyası bundan sonra seçim qarşısındadır: münaqişə və qarşıdurmalar ya diplomatik konsensus əsasında həllini tapmalı, ya da insanlıq faciəvi sonluqla üzləşməlidir.

Elə bu səbəbdən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunaraq möhkəmləndirilməsi, eləcə də dövlətlərarası əməkdaşlığın genişləndirilməsi BMT-nin əsas vəzifələrindən biri kimi təsbit olunur. Hazırda bu ali təşkilat özündə 193 dövləti birləşdirir və Yer kürəsinin 80 faizə qədər ərazisi onun fəaliyyət mandatına daxildir. Yeni dünya düzəninin formalaşdığı, böyük güclərin geosiyasi maraqlarının toqquşduğu indiki mürəkkəb dövrdə dünya xalqlarının Birləşmiş Millətlər Təşkilatından və onun əsas orqanlarından biri olan Baş Assambleyanın bugünlərdə  Nyu-Yorkda keçirilən 80-ci sessiyasından gözləntisi indi daha çoxdur.

150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiyanın “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunması onu göstərir ki, dünyanın təhlükəsizliyi ilə bağlı beynəlxalq arenada yaşanan narahatlıq əsla təsadüfi deyil. Çünki son onilliklər ərzində bəzi böyük dövlətlərin beynəlxalq münasibətlər sisteminə gətirdiyi ikili standartlar siyasəti, qanunun aliliyi və ədalətin dönməzliyi anlayışına selektiv yanaşma tərzi gec-tez bugünkü təhlükəli vəziyyətə gətirib çıxarmalı idi. Təəssüf ki, beynəlxalq hüququn böyük maraqların kölgəsində qaldığı uzun illər ərzində BMT kimi mötəbər və səlahiyyətli  təşkilat da üzərinə götürdüyü vəzifələri yerinə yetirməkdə kifayət qədər təsirli və tam səmərəli ola bilmədi. 80-ci sessiya çərçivəsində BMT-nin ünvanına səslənən irad və tənqidlərin kökündə də elə bu reallıq dayanır.

Prezident İlham Əliyev Vətən müharibəsindən üç gün əvvəl, 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı beynəlxalq narahatlığı bölüşərək, irəli sürdüyü təkliflər arasında bunları da bildirmişdi: “Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.

Prezidentin irəli sürdüyü təşəbbüsün arxasında Azərbaycan həqiqətləri dayanırdı. Çünki BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri 27 il ərzində kağız üzərində qalmışdı. ATƏT-in keçmiş Minsk qrupunda vasitəçi kimi təmsil olunan üç böyük dövlət, Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü, üç nüvə dövləti isə 28 il boyunca özünü elə apardı ki, guya kiçik bir ölkənin işğalına son qoymaqda və qətnamələri Ermənistana icra etdirməkdə acizdir. BMT kimi mötəbər bir təşkilat da qətnamələrinin icrasını təmin  etməməklə öz nüfuzuna zərbə vurdu. İcra intizamsızlığını müşahidə edən digər aktorlar həm də bu səbəbdən öz çoğrafiyalarında işğala və separatçılıq meyllərinin təşviqinə şirnikləndilər. Nəticədə yeni münaqişə və müharibə ocaqları yarandı, bu cür vəziyyət isə oturuşmuş beynəlxalq münasibətlər sistemini, qlobal təhlükəsizliyi  təhdid etməyə bilməzdi.

Azərbaycan Prezidenti həmin təşəbbüsündən 5 il sonra, 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında yenidən çıxış etdi. Prezidentin bu çıxışı artıq həm məzmun, həm də verdiyi mesajlar baxımından tamam fərqli idi: çünki bu, qalib Xalqın Müzəffər Liderinin çıxışı idi. O Liderin ki,  beynəlxalq hüququn aliliyini, o cümlədən Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrinin icrasını savaş meydanında öz xalqı ilə özü təmin edib. Prezident İlham Əliyev bu dəfə BMT-nin ali kürsüsündən Cənubi Qafqazda yaratdığı yeni reallıqla bağlı həqiqətləri də dünya birliyinin diqqətinə çatdırdı: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Prezidentin bu çıxışı 30 il boyunca müstəqil dövlətçiliyimizlə yanaşı miilli kimliyimizi, keçmişimiz qədər gələcəyimizi də təhdid edən, min cür oyunla, terror və təxribatla  haqqımızın bərpasına mane olmağa çalışan məlum dairələrə qalib və müstəqil Azərbaycanın adından verilə biləcək ən ləyaqətli cavabdır. Üç onillik ərzində dünyadan, böyük güclərdən, o cümlədən BMT kimi mötəbər təşkilatdan haqq və ədalət gözləyən Azərbaycan sübut etdi ki, xalq öz Lideri ətrafında bir yumruq kimi birləşdikdə, Lider isə Prezident İlham Əliyev qədər qarşısında dayanan aktorların kimliyindən və siyasi çəkisindən asılı olmayaraq, qətiyyət nümayiş etdirdikdə, ədalətin bərpası da qaçılmaz olur. Qələbəmizin tarixi miqyası həm də onunla ölçülməlidir ki, tarixi Zəfərimiz sayəsində Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı dörd qətnaməsinin uzun illər ərzində kağız üzərində qalması utancına son qoyuldu.

Ermənistan son üç ildə  müxtəlif bəhanələr altında müqavimət göstərsə də, sonda Prezident İlham Əliyevin Minsk Prosesinin və onula əlaqədar strukturların bağlanmasına dair israrlı tələbinin qarşısında təslim oldu. Artıq Minsk qrupu keçmişdə qalıb, Sülh sazişinin mətni isə avqustun 8-də Vaşinqtonda paraflanma prosedurundan keçib. Azərbaycan Prezidenti sessiyadakı çıxışı zamanı mötəbər auditoriyanın diqqətinə bu həqiqəti də çatdırdı ki, müharibədən dərhal sonra beynəlxalq hüququn beş təməl prinsipi əsasında sülh təşəbbüsünü irəli sürən də məhz Azərbaycan olub.  Dövlətimizin başçısı onu da xüsusi vurğuladı ki, 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi yalnız ikitərəfli əsasda aparıldığına, kənar müdaxilələrin qarşısı alındığına görə müsbət nəticə verdi. Yəni, diplomatik dillə o mesaj verildi ki, heç də bütün aktorlar Cənubi Qafqazda sülhün və normallaşma prosesinin tərəfdarı olmayıb. Prezident İlham Əliyev sessiyadakı çıxışında avqustun 8-də Ağ Evdə imzalanmış razılaşmaların tarixi əhəmiyyətini də bir daha xüsusi qeyd etdi: “Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm”.

Son 30 il ərzində üzləşdiyimiz ən böyük ədalətsizliklərdən biri də onunla bağlı idi ki, işğala məruz qalan Azərbaycan olduğu halda, 1992-ci ildən etibarən “Azadlığa dəstək aktına” 907-ci düzəliş, yəni faktiki sanksiya qərarı işğalçı Ermənistan əvəzinə, ölkəmizə  tətbiq olunurdu. Acı reallıqlardan biri də onunla bağlı idi ki, guya  “ədalətli” sülh vasitəçiliyinə iddia edən ABŞ-nin keçmiş administrasiyası 907-ci düzəlişi yenidən qüvvəyə mindirmişdi. Prezident Donald Tramp avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti ilə görüşü zamanı dövlətimizin başçısına “Siz gözəl danışıq aparırsınız” deyərək, həmin düzəlişin qüvvəsinin dayandırılması haqda  qərar qəbul etdi. ABŞ Prezidenti bununla həm özündən əvvəlki administrasiyanın Azərbaycana qarşı ədalətsizliyini aradan qaldırdı, həm də Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinə və şəxsiyyətinə bəslədiyi münasibəti nümayiş etdirdi. Növbəti dəfə sübut olundu ki,  dövlətlərarası münasibətlərdə Lider faktorunun və qarşılıqlı etimadın əhəmiyyəti danılmazdır, bir çox hallarda isə əvəzolunmazdır.

Birinci vitse-prezident Mehriban  Əliyevanın sentyabrın 24-də rəsmi instaqram səhifəsində Azərbaycan və ABŞ Prezidentlərinin Nyu-Yorkdakı dialoqundan etdiyi paylaşım da göstərir ki, iki Lider arasında münasibətlər səmimiyyətə və qarşılıqlı etimada söykənir. Prezident Donald Trampın Azərbaycan Prezidentinə  “Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız” sözləri ilə müraciət etməsi, heç şübhəsiz ki, Azərbaycan-ABŞ münasibətlərini uzun illər ərzində Ermənistan-ABŞ münasibətlərinin girovuna çevirmiş ermənipərəst senator və konqresmenləri, erməni lobbisini çox məyus edəcək. Bu dialoq Azərbaycan-ABŞ  yaxınlaşmasına uzun illər mane olan bəzi bədxahlarımızın da ürəyincə olmayacaq.

O da şübhəsizdir ki, qalib Xalqın Müzəffər Liderinin BMT Baş Assambleyasının 80-ci sessiyasında qürurlu çıxışı həmin dairələrin ovqatını xeylı korlayacaq. Yalnız ona görə yox ki, Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etməklə bu dairələrin ölkəmizlə bağlı çoxəsrlik məkrli planını iflasa uğradıb. Həm də ona görə ki, Azərbaycan öz tarixi Zəfəri ilə işğalçılıqdan və separatçılıqdan hələ də əziyyət çəkən digər xalqlara mübarizə və müqavimətin əbəs olmadığını nümayiş etdirməklə qələbəyə ümid verib. Prezident İlham Əliyevin BMT-nin ali kürsüsündən dünya ictimaiyyətinə çatdırdığı tarixi həqiqətlərdən biri də elə bununla bağlı oldu: “Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur… Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Azərbaycan Prezidenti bu çağırışı ilə, əslində, təhlükəsiz dünya nizamının düsturunu açıqladı. Göstərdi ki, bütün xalqların əmin-amanlıq  və sülh şəraitində yaşaması yalnız həmin düsturun ayrı-seçkilik edilmədən gerçəkləşdirilməsindən keçir. Digər seçim bu gün müşahidə etdiyimiz xaos, özbaşınalıq və müharibə yoludur.

Ülvi Quliyev                                                             Milli Məclisin deputatı   

Seçilən
6
3
veteninfo.az

4Mənbələr