AZ

Prezident İlham Əliyev BMT tribunasından mühüm mesajlar verdi: Qələbədən sülhə aparan yol - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında etdiyi çıxışı ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında açılan yeni mərhələni və bu mərhələnin regionda yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını dünya ictimaiyyətinə təqdim etdi.

“Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam", - Prezident İlham Əliyev BMT tribunasından bildirib.

Bu çıxış Azərbaycanın beynəlxalq hüquqa, xüsusilə də BMT Nizamnaməsinin 51-ci maddəsinə – özünümüdafiə hüququna istinadla, 30 illik səmərəsiz danışıqlara son qoyaraq ərazi bütövlüyünü təmin etməsinin hüquqi-siyasi əsaslarını bir daha təsdiqlədi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmaması fonunda Azərbaycanın haqlı mövqeyi əyani şəkildə göstərildi.

Çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olub: “Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi".

Qazanılmış qələbənin ideoloji çərçivəsi Prezidentin “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu” bəyanatı müharibədə və sülh prosesində əldə edilmiş nəticələrin fəlsəfi məzmununu ortaya qoyur.

Azərbaycan yalnız müharibədə deyil, həm də post-münaqişə mərhələsində sülh təşəbbüsləri ilə fərqləndi. Bunun təzahürü olaraq, 2022–2025-ci illər arasında aparılan danışıqlar və 2025-ci ilin avqustunda Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması mühüm diplomatik irəliləyişdir.

“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi", - Prezident İlham Əliyev vurğulayıb.

ABŞ-la yeni səviyyədə münasibətlər

Vaşinqton Sammitində elan olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycanın təşəbbüslərinin beynəlxalq miqyasda dəstəkləndiyini göstərdi.

Prezident qeyd edib ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir.

"Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".

ABŞ prezidenti Donald Trampın “907-ci düzəliş”in icrasının dayandırılması barədə qərarı etimadın gücləndirilməsi istiqamətində tarixi addım oldu. Bunun davamı kimi, düzəlişin tam ləğvi iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edə bilər. Avqust ayında imzalanan Anlaşma Memorandumu əsasında Strateji İşçi Qrupunun yaradılması da bu istiqamətdə praktiki mexanizm rolunu oynayır.

“Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm", - Prezident İlham Əliyev əlavə edib.

Post-münaqişə Çağırışları: Bərpa və humanitar problemlər

Azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı genişmiqyaslı bərpa prosesinin əsas prioritetidir. Lakin mina təhlükəsi və Ermənistanın işğal dövründə itkin düşmüş təqribən 4 min azərbaycanlının taleyi hələ də ciddi humanitar çağırış olaraq qalır. Prezidentin bu məsələləri beynəlxalq tribunalarda qaldırması Azərbaycanın humanitar gündəmini gücləndirir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi: “Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir".

Enerji və dayanıqlı inkişaf vizyonu

Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu xüsusilə vurğulandı. Xəzər regionunun beynəlxalq bazarlara inteqrasiyası, enerji təchizatında şaxələndirmə və bərpa olunan enerji mənbələrinə – günəş, külək və su elektrik stansiyalarına qoyulan sərmayələr ölkənin strateji kursunu müəyyənləşdirir. Bununla yanaşı, Prezident qeyri-real “yaşıl hədəflərin” əleyhinə çıxaraq keçid prosesinin mərhələli və reallığa uyğun olmasının vacibliyini qeyd etdi. Azərbaycan həmçinin Suriyanın enerji infrastrukturunun bərpasında tərəfdaşlıq təşəbbüsü ilə regional əməkdaşlığın yeni modelini təqdim etdi.

Prezident BMT-dəki çıxışı zamanı vurğulayıb ki, enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. “Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək".

Nəqliyyat və rəqəmsal inteqrasiya

Azərbaycanın beynəlxalq logistika və nəqliyyat dəhlizləri – Şərq-Qərb, Şimal-Cənub, Bakı–Tbilisi–Qars, Ələt Limanı və hava nəqliyyatı infrastrukturu ölkəni Avrasiyanın əsas qovşaqlarından birinə çevirir. “Rəqəmsal İpək Yolu” layihəsi isə informasiya və kommunikasiya texnologiyalarında Azərbaycanın yeni strateji rolunu göstərir.

Dövlət başçısının da dediyi kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir".

İqtisadiyyat, islahatlar və sosial nəticələr

qeyri-neft sektorunun inkişafı, şəffaf islahatlar və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində Azərbaycan iqtisadi artım templərini qoruyaraq yoxsulluğu və işsizliyi 5%-ə endirib. Beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkəyə sərfəli investisiya axınını stimullaşdırır.

Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. “Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır".

Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın yalnız müharibədə deyil, sülh quruculuğunda da qazandığı qələbələri nümayiş etdirdi. Bu çıxış həm diplomatik, həm iqtisadi, həm də humanitar baxımdan Azərbaycanın yeni strateji vizionunun konturlarını ortaya qoyur: suverenliyin möhkəmlənməsi, regional və qlobal inteqrasiyanın dərinləşdirilməsi, dayanıqlı inkişaf və enerji təhlükəsizliyində etibarlı tərəfdaşlıq.

Seçilən
23
15
apa.az

10Mənbələr