AZ

BMT kürsüsündən dünyanı dəyişə biləcək "bir cümlə" səsləndi...


Bəhruz Quliyev: “Prezidentin bu çağırışı ilk növbədə beynəlxalq münasibətlərdə haqsız yanaşmaların, ikili standartların aradan qaldırılmasına yönəlib”

Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Çıxışı zamanı bir sıra məsələlərə toxunan ölkə başçısı sonda bunları qeyd edib: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Maraqlıdır, Prezidentin məlum çağırışı dünyada yeni düzənin yaradılmasında nə kimi rol oynayacaq?

“İlham Əliyevin mesajı, çağırışı indi artıq yalnız Azərbaycan üçün deyil, böyük lider kimi bütün dünya üçün ədalət və sabitlik tələb edən güclü tribunaya çevrilmişdir”

"SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi çağırış, əslində, yalnız bir dövlətin mövqeyi deyil, bəşəriyyətin gələcəyi üçün strateji yol xəritəsidir: “Dövlət başçısının “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” fikri bugünkü beynəlxalq münasibətlər sistemində mövcud olan ən ağrılı problemlərə birbaşa cavabdır".

B.Quliyevin dediyinə görə, Prezidentin bu çağırışı ilk növbədə beynəlxalq münasibətlərdə haqsız yanaşmaların, ikili standartların aradan qaldırılmasına yönəlib. Azərbaycanın öz təcrübəsi göstərdi ki, 30 illik işğal dövründə beynəlxalq hüququn prinsipləri kağız üzərində qaldı, qərarların icrası isə siyasi iradədən asılı olaraq selektiv şəkildə həyata keçirildi: “Deməli, dövlət başçısının BMT tribunasında səsləndirdiyi fikirlər təkcə tarixi ədalətə çağırış deyil, həm də yeni dünya düzəni üçün praktiki təklifdir. Burada əsas məqam odur ki, Prezident Əliyevin mövqeyi qlobal idarəetmədə daha çox ədalət, daha çox balans və daha çox məsuliyyət tələb edir. Əgər dünya dövlətləri bu çağırışı dəstəkləsələr, bu, beynəlxalq təşkilatların səmərəliliyini artırar, sülhün yalnız kağız üzərində deyil, real həyatda təmin olunmasına zəmin yaradar. Hesab edirəm ki, dövlət başçısının çağırışı yeni düzənin konturlarını müəyyənləşdirən strateji mesajdır. Bu, Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda da söz sahibinə çevrildiyini göstərir. İlham Əliyevin mesajı, çağırışı indi artıq yalnız Azərbaycan üçün deyil, böyük lider kimi bütün dünya üçün ədalət və sabitlik tələb edən güclü tribunaya çevrilmişdir".

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr