AZ

Trampın adamına Bakı ilə bağlı xüsusi tapşırıq

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla bağlı açıqlamaları maraqla qarşılanıb. O bildirib ki, Azərbaycana dair məsələlərdə mütəmadi olaraq Türkiyə rəsmilərindən məsləhətlər alır və bunu Ağ Evin xüsusi tapşırığı ilə həyata keçirir.

Uitkoff, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə Ankara rəsmiləri, xüsusilə də Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalının fikirlərinə müraciət etdiyini vurğulayıb. O, son dövrlərdə bu tip məsləhətləşmələrin intensivləşdiyini də qeyd edib.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Tramp administrasiyasının nümayəndəsi bu açıqlama ilə Vaşinqtonun Bakıya dair siyasətini Ankara ilə koordinasiyalı şəkildə həyata keçirdiyini göstərməyə çalışır:

“Azərbaycanla bağlı məsələlərdə ABŞ və Türkiyə arasında məsləhətləşdirilmiş siyasət yürüdülməsi mənfi hal deyil. Əksinə, bu, müsbət məqamdır. Çünki Ankara rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləyir. Prezident Donald Tramp administrasiyasının da Azərbaycan və Türkiyəyə münasibəti, ümumilikdə, müsbət olub. Biz bunu Trampın birinci prezidentlik dövründə də müşahidə etmişdik”.

Politoloq əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Bayden administrasiyasının dövründə isə Bakı və Ankara ilə münasibətlərdə soyuqluq yaranmışdı:

“Bayden dönəmində aparılan mənfi siyasət səbəbindən ABŞ-ın xüsusən də postmüharibə dövründə Cənubi Qafqazda mövqeləri zəiflədi. Trampın yenidən hakimiyyətə dönüşü ilə münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur. Bu isə olduqca önəmli məqamdır”.

Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycanın geostrateji mövqeyi, enerji təhlükəsizliyindəki rolu və iqtisadi əməkdaşlıq sahələri ABŞ-Türkiyə koordinasiyasında əsas müzakirə mövzularından biridir:

“Azərbaycan hazırda Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusən Ukrayna müharibəsindən sonra regionda enerji sahəsində ciddi boşluqlar yarandı. Bu baxımdan, Azərbaycanın rolu daha da ön plana çıxdı və Vaşinqtonun diqqətini cəlb etdi. Beləliklə Ağ Ev Bakıya yönəlik siyasətini Ankara ilə uzlaşdıraraq aparmağa çalışır”.

Seçilən
5
2
konkret.az

3Mənbələr