AZ

"Türkiyənin ABŞ-yə ehtiyacı olduğu qədər, ABŞ-nin də Türkiyəyə ehtiyacı var" -Türkiyəli politoloq

Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın görüşü olub.

Liderlərin görüşü barədə Redaktor.az-a danışan türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Trampla Ərdoğan arasında 25 sentyabr 2025-ci il tarixində ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutan görüşün ümumilikdə müsbət bir atmosferdə keçdiyi müşahidə olunur:

"Çünki indiki mərhələdə Türkiyənin ABŞ-yə ehtiyacı olduğu qədər, ABŞ-nin də Türkiyəyə eyni dərəcədə ehtiyacı olduğu bir dövr yaşanmaqdadır. Ukrayna-Rusiya, Cənubi Qafqaz, İran, Suriya, İsrail, Qəzza, Bəsrə Körfəzi, Qırmızı dəniz, Şərqi Aralıq dənizi, Avropa, Balkanlar və hətta Sakit okean bölgələrini əhatə edən coğrafiyalarda Türkiyənin iştirak etmədiyi heç bir həllin mümkün olmadığı bir dövrdən keçdiyi ABŞ rəhbərliyi tərəfindən yaxşı başa düşülür və bu, onların davranışlarında əks olunur. Görüş zamanı CAATSA sanksiyalarının aradan qaldırılmasının ehtimal daxilində olduğunu bildirən Tramp, F-35 və F-16 məsələsi ilə Türkiyənin digər tələblərinin də müzakirə olunacağını açıqlayaraq dialoq qapısının açıq olduğunu nümayiş etdirib. Türkiyə-ABŞ arasında Nüvə Enerjisi sahəsində əməkdaşlıq sazişi imzalandığı açıqlanıb. İraq-Türkiyə neft kəmərinin yenidən açıldığını bildirən Tramp, bu məsələdə ABŞ-nin töhfə və qazancına da vurğu edib. Türkiyənin Ukrayna-Rusiya münaqişəsindəki müsbət neytrallığına diqqət çəkən Tramp, Türkiyənin Rusiya ilə neft və təbii qaz alışlarına da işarə edib. Görüşdən sonra Tom Barak tərəfindən yayımlanan xəbərdə isə Türkiyənin "Boeing" alışı müqaviləsi imzaladığı məlumatı paylaşılıb".

Siyasi şərhçi qeyd etdi ki, beynəlxalq mətbuat xəbərlərində də geniş yer alan Ərdoğan-Tramp görüşü üçün Türkiyə baxımından böyük uğurlar əldə edildiyi vurğulanır.

"Bəzi qeyri-müəyyən mövzuların isə gələcəkdə addım-addım aydınlaşacağı bildirilir. Çünki razılaşdırıla bilən məsələlərdən başlanaraq iki ölkə arasındakı problemli mövzuların tədricən həll olunacağına işarə edilir. Görüş müsbət bir mühitdə keçmiş olsa da, gələcəkdə əlaqələrin daha da inkişaf edə biləcəyi mümkündür. Lakin beynəlxalq münasibətlərin zaman və şəraitə görə dəyişməyə və sarsılmalara açıq olduğu da unudulmamalıdır", - deyə İsmail Cingöz vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
40
redaktor.az

1Mənbələr