AZ

Sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq

Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında bir daha bildirdi ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur

BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyevin keçirdiyi görüşlər, sessiyadakı çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Bu, cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra BMT tribunasından ilk çıxışı idi. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı reallıqlar fonunda yeni dövrün gerçəkliklərinə diqqət yönəltməsin. Bu baxımdan sözügedən sessiyadakı çıxışı da diqqətdən kənarda qalmadı. Qələbəyə və sülhə gedən yoldan geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Çıxışda o da qeyd edildi ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.

Onu da qeyd edək ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu cənab İlham Əliyev ilə Prezident Donald Tramp birgə imzaladı. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.

Dövlətimizin başçısı yeni dövrün reallıqlarına söykənərək azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış Proqramının uğurlu icrasından da danışdı. Reallıq budur ki, hazırda bütün azad edilmiş torpaqlarımız quruculuq meydanına çevrilib. Keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışları mərhələ-mərhələ həyata keçirilir. Son beş ildə görülən işlərin miqyası Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü deyir. Müharibədən dərhal sonra quruculuq işlərinə başlanılması dünya hərb tarixində ilkdir. Bu, eyni zamanda, torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərin 30 illik işğal dövründə dağıtdığı, yerlə-yeksan etdiyi torpaqlarımız bu gün dirçəlir, yeni nəfəs alır. Cənab İlham Əliyevin çıxışında vurğulandığı kimi, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. Böyük Qayıdış Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.

Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında diqqət göstərdiyi məsələlərdən biri də enerji amili olur. Azərbaycanın enerji diplomatiyasından bəhs edərkən ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransına xüsusi diqqət yönəldilir. Dövlət başçısı İlham Əliyev çıxışında «Qlobal çağırışlara gəldikdə, biz inanırıq ki, cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır» söyləyərək onu da əlavə etdi ki, Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi. Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.

Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.

İnkişaf modeli dünyaya nümunə olan Azərbaycanın COP29-a ev sahibliyi fərqliliyin qazanılmasında əhəmiyyətli rol oynadı. Hər zaman bu reallıq beynəlxalq səviyyədədə qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq hər zaman diqqət Azərbaycana yönəldilir. Bunun üçün tarixi Zəfərimizdən ötən dövr ərzində Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir. Bu, COP29 çərçivəsində keçirilən görüşlərdə, Azərbaycanla bağlı iştirakçıların rəylərində özünün aydın ifadəsini tapdı. Tədbirlə bağlı rəylərdə də bu fikir xüsusi qeyd edildi ki, Bakı dünyanın daha təhlükəsiz, təşkilatlanmış və inkişaf etmiş paytaxtlarından biri kimi iqlim fəaliyyəti sahəsində aparıcı beynəlxalq iştirakçıları bir araya gətirən belə qlobal tədbirə ev sahibliyi etməyə layiq olduğunu bir daha sübut etdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl prinsiplərindən biri qeyd etdiyimiz kimi, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Son illər ərzində Azərbaycanda yaşıl enerjiyə keçid prosesi olduqca dinamik xarakter alıb. Bu müstəvidə çoxsaylı beynəlxalq tərəfdaşlarla yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurulub. Ölkəmizdə bu kontekstdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır. COP29 Azərbaycanın bu imkanlarına, eyni zamanda, beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə aydın mənzərəni yaratdı. «Yaşıl dünya naminə həmrəylik!» şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu ölkəmiz inkişaf etməkdə olan, xüsusilə kiçik ada və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Geosiyasi parçalanmanın müşahidə edildiyi son bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşılırdı. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan respublikası hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər. Azərbaycanın COP29-u ən yüksək səviyyədə keçirməsi ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq. Bu əminlik Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərinə söykənir. Açıq və çoxşaxəli xarici siyasət kursunu həyata keçirən Azərbaycan birləşdirici aktora çevrilib. Dünyanı narahat edən problemlərin ölkəmizdə müzakirə olunması və birgə razılığa gəlinməsi özündə mühüm məqamları ehtiva edir. COP29-a ev sahibliyi və tədbirin nəticələri Prezident İlham Əliyevin növbəti qələbəsi kimi də dəyərləndirildi. Dünya Azərbaycanın nəyə qadir olduğunun bir daha şahidinə çevrildi. Azərbaycanın üzərinə düşən missiya kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən böyük uğuru sayılmalıdır.

Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafında da özünün aydın ifadəsini tapır. Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib. Azərbaycan ilk gündən bu çağırışı etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlətimizin başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.

Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük müharibədə Azərbaycanın hərbi və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 günlük müharibə zamanı 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır və nüfuz qazanır. COVID-19-la mübarizə tədbirləri İkinci Qarabağ müharibəsi ilə eyni vaxtlara təsadüf etdiyindən Azərbaycanın dünyaya nümunə olan davranışı, səyləri, birlik, həmrəylik çağırışları diqqətdən kənarda qala bilməz. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı ən kəskin mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınır.

Təbii ki, tarixi Zəfərimizdən sonrakı dövrün uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Cənab İlham Əliyev sözügedən çıxışında bu dövrün reallıqlarını belə ümumiləşdirdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Dövlət başçısı İlham Əliyevin çıxışı daim çağırışlarla zəngin olur. Bu çağırışları həm regionun inkişafı, həm də yeni formalaşan dünya nizamı üçün yol xəritəsidir. «Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır» söyləyən cənab İlham Əliyev bu çağırışı etdi: «Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.»

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
5
ikisahil.az

1Mənbələr