Bu gün 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır
Ermənistanın otuz ilə yaxın davam edən işğal siyasəti nəticəsində Azərbaycan torpaqlarında misli görünməmiş dağıntılar törədildi. Şəhərlər, kəndlər yerlə-yeksan edildi, tarixi abidələr, dini məkanlar məhvə sürükləndi, ərazilər viran qoyuldu. Ermənistan hakimiyyətləri məqsədyönlü şəkildə yalnız Azərbaycan xalqının mülkiyyətini və həyat məkanlarını deyil, həm də onun tarixi-mədəni kimliyini hədəf alaraq məscidləri, muzeyləri, qəbiristanlıqları dağıtdılar, əraziləri sistemli şəkildə talan etdilər. İşğalçı siyasətin nəticəsi kimi Qarabağ və ətraf bölgələr xarabalığa çevrildi, burada normal həyatın izləri belə silindi. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu acı reallıqları diqqətə çatdıraraq bildirdi ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı.
Bu faktlar təkcə hərbi cinayətin və vandalizmin miqyasını göstərmir, həm də Ermənistanın uzun illər boyu həyata keçirdiyi etnik təmizləmə və mədəni soyqırımı siyasətinin bariz sübutudur. Lakin tarixin gedişi dəyişdi. 2020-ci ildə Azərbaycan xalqı güclü siyasi iradə və müzəffər ordu sayəsində Qarabağı və işğal altında olan digər torpaqları azad etdi. 44 günlük Vətən müharibəsi və ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi Qələbə Azərbaycan dövlətçiliyinin müasir mərhələdə ən böyük uğuru olmaqla yanaşı, həm də bölgədə yeni inkişaf və inteqrasiya dövrünün başlanğıcını qoydu. Artıq Qarabağ və Şərqi Zəngəzurdan müharibənin izlərini silmək, yerlə-yeksan edilmiş yaşayış məntəqələrini dirçəltmək, azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasını təmin etmək dövrü başlayıb. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirdiyi kimi, biz yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. Böyük Qayıdış Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Bu, təkcə rəqəm deyil, həm də Azərbaycan xalqının Qələbəsinin davamlı təsdiqi, dirçəlişin canlı göstəricisidir. Böyük Qayıdış konsepsiyası Azərbaycanın milli strategiyasında həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan yeni bir mərhələni təcəssüm etdirir. Qarabağa qayıdan hər bir vətəndaş, orada evini bərpa edən, işinə başlayan, övladlarını məktəbə göndərən hər bir ailə, əslində, Azərbaycan tarixində yeni səhifə açır. Qarabağın dirçəlişi yalnız bir tikinti layihəsi deyil, həm də milli ruhun, xalqın öz tarixinə və torpağına bağlılığının təntənəsidir. Dövlət bu prosesdə həm təhlükəsizlik, həm infrastruktur, həm də sosial xidmətlərin təmin olunması istiqamətində ardıcıl və planlı siyasət yürüdür. Şəhərlər müasir yanaşma ilə yenidən qurulur, kəndlər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilir, yollar, hava limanları, dəmir yolları çəkilir, enerji infrastrukturu yaradılır. Bu nəhəng layihələr Qarabağı yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi dirçəltmir, həm də regionun yeni inkişaf mərkəzinə çevirir.
Əslində, Ermənistanın 30 il ərzində törətdiyi dağıntılar müharibə qanunlarını, beynəlxalq humanitar hüququ pozan cinayətlərin nümunəsidir. İşğalçı dövlət həmin ərazilərdə sistemli şəkildə ekoloji soyqırımı da həyata keçirib, meşələri qırıb, çayları çirkləndirib, minalarla torpaqları ölüm tarlasına çevirib. Bu faktlar dünyanın aparıcı təşkilatlarının hesabatlarında təsdiqini tapıb və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz gələcəyini dağıntılar üzərində qurmaq istəmir. Azərbaycan xalqı qisas və revanş deyil, quruculuq və inkişaf yolunu seçib. Bu, həm də Prezident İlham Əliyevin BMT tribunasından dünyaya verdiyi əsas mesajlardan biridir: Azərbaycan dağıntıları arxada qoyaraq öz xalqına layiqli gələcək qurur.
Böyük Qayıdış Proqramının həyata keçirilməsi isə yalnız bir dövlət layihəsi deyil, ümumxalq marafonudur. Azad edilmiş torpaqlara qayıdan hər bir vətəndaş, həmin torpaqlarda fəaliyyət göstərən hər bir sahibkar, hər bir müəllim və həkim bu marafonun iştirakçısıdır. Bu proses təkcə sosial ədalətin bərpası deyil, həm də milli birliyin güclənməsi, Azərbaycan xalqının tarixdə ən böyük sınaqlardan qalib çıxmasının təsdiqidir. Qarabağ və Şərqi Zəngəzurun dirçəliş marafonu həm də iqtisadiyyat üçün yeni imkanlar yaradır. Bölgədə icra edilən iri infrastruktur layihələri, kənd təsərrüfatının bərpası, turizm potensialının açılması bütövlükdə Azərbaycan iqtisadiyyatına əlavə güc verir. Zəngilan, Füzuli, Laçın, Kəlbəcər və digər rayonlarda yaradılan yeni sənaye zonaları, yaşıllıq və ekoloji təmiz istehsal sahələri ölkənin davamlı inkişaf strategiyasına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək iqtisadi xəritəsində mühüm yer tutur və bu, həm milli, həm də regional müstəvidə inkişafı təmin edir. Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq işləri beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. BMT Baş Assambleyası kimi nüfuzlu tribuna vasitəsilə dövlətimizin başçısı bu prosesi dünyaya təqdim edir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən, onun sülhsevər və konstruktiv dövlət olduğunu bir daha göstərən amildir. Azərbaycan Qələbədən sonra da ədalət və sülh çağırışlarını davam etdirir, bölgədə dayanıqlı inkişafın təmin olunması üçün səylər göstərir. Bu siyasət regionun gələcəyi üçün əhəmiyyətli bir yol xəritəsidir.
Nəticə etibarilə Böyük Qayıdış sadəcə bir proqram deyil, həm də milli dirçəlişin simvoludur. Qarabağ və Şərqi Zəngəzurun dirçəliş marafonu uzunmüddətli və strateji bir prosesdir. Bu marafonun iştirakçıları isə bütün Azərbaycan xalqıdır. Hər bir qayıdış hekayəsi, hər bir bərpa olunmuş kənd və şəhər xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin sarsılmazlığının göstəricisidir. Ermənistanın otuz il ərzində həyata keçirdiyi dağıntılar tarixdə qara ləkə kimi qalacaq, lakin Azərbaycanın quruculuq iradəsi gələcəyə işıq salacaq. Qarabağın yenidən qurulması yalnız Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni ümidlərin başlanğıcıdır.
Nigar Orucova, "İki sahil"