AZ

44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür...


Bu gün Vətən müharibəsinin başlamasından beş il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başlayıb.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə 30 il işğalda qalan torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.

Vətən müharibəsi nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik düşmən tapdağından azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Seçilən
23
23
baki-xeber.com

10Mənbələr