AZ

Qızılla bağlı görünməyən məqam Yatırım edənlərin nəzərinə

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər qızılın qiymətinin rekord həddə çatacağı ilə bağlı məlumatlar diqqət çəkir. Bildirilir ki, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni 9 ayda 35,7 faiz artım baş verib. Bu fonda artıq Azərbaycanda da vətəndaşların əksəriyyəti qızıla yatırım etmək fikrinə düşüblər. Xüsusilə zinət əşyalarına tələbat artır.

Zinət əşyalarını almaq maliyyə məqsədli investisiya hesab edilə bilərmi? 

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, qızılın qramı ötən ayla müqayisədə azı 20 manat bahalaşıb:

“Əvvəlki illərdə əksəriyyət qızıla yatırım vasitəsi kimi baxmırdı. Son bir ildə isə həm açıqlamalar, həm də müəyyən panika səbəbindən yanaşma tərzi dəyişib. Lakin məsələnin görünməyən tərəfi də var. Tutaq ki, qeyri-leqal vəsait əldə edilib və bu, daşınmaz əmlaka yatırılarsa, o zaman alqı-satqı, qeydiyyat aparılır. Amma qızıl üçün nə qeydiyyat, nə də rəsmi alqı-satqı prosesi mövcuddur. Nəticədə qızılı investisiya məqsədilə alan şəxs bir il sonra mənfəət əldə etsə də, gəlir vergisi ödəmir. Buna görə daxili bazarda bu sahənin sənədləşdirilməsi vacibdir. Yəni kim, nə vaxt və nə qədər qızıl alıb-satıb, bu əməliyyatlar mütləq sertifikatla rəsmiləşdirilməlidir”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, qızıl zinət əşyalarını yatırım məqsədilə alanları bir neçə qrupa ayırmaq olar:

“Böyük vəsaiti olanlar bu qruplaşmada birinci yerdədir. Onlar əsasən daşınmaz əmlaka yatırım edirlər, çünki bu sahədə qiymət artımı qızıldan daha yüksəkdir. Orta vəsaiti olanlar siyahıda ikincidir. Xəbərlər və sosial şəbəkələrdəki panika, həmçinin banklara etimadsızlıq onları qızıl almağa sövq edir. Gələcəkdə bundan istifadə məqsədi güdənlər, məsələn, toy planı olanlar həm qiymət artımından çəkinir, həm də sonradan istifadə üçün qızıl toplayırlar. Beynəlxalq təcrübəyə əsaslananlar da bu siyahıya daxildir. Onlar Türkiyə kimi ölkələrdə qızıla yatırım edib sonradan ev və ya avtomobil alanların təcrübəsini Azərbaycana tətbiq etməyə çalışırlar. Lakin ölkəmizdə bu mexanizm hələ formalaşmayıb. Ümumilikdə qızılı Azərbaycan iqtisadi mühitində səmərəli investisiya vasitəsi hesab etmirəm”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
globalinfo.az

1Mənbələr