AZ

Həqiqət üzərində qurulan abidə

Quba Soyqırımı Memorial Kompleksini indiyədək bir milyondan çox insan ziyarət edib

2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri aparılarkən kütləvi məzarlıq aşkar edildi.   

Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 kvadratmetr olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanıldı. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edildi.

Sırf təsadüf nəticəsində Qudyalçayın sağ sahilində üst-üstə qalaqlanan insan sümükləri ilə dolu iki quyu aşkar olundu. Böyük quyunun diametri 5, kiçik quyunun diametri 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra şaqqalanaraq quyuya atıldığını göstərir. Odur ki, qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunub. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarıb. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsi qətlə yetirilərək basdırılıb. Alimlər belə nəticəyə gəliblər ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır.

Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Prezident  İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir. Bu, keçmiş üzərində qurulan, tarixi kökü həqiqət olan bir soyqırımdır və onun detalları canlı insan sümükləridir.

Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görülüb. 2013-cü ilin  sentyabrında  Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Həmin gündən bura ziyarətgaha çevrilib.

Kompleksin  ümumi sahəsi 3,5 hektardır. Burada xatirə abidəsi, simvolik məzarlıq,  soyqırımı muzeyi, bayraq meydanı və informasiya mərkəzi fəaliyyət göstərir. Ötən illər ərzində bu kompleksi bir milyondan artıq insan ziyarət edib. Onlardan 200 mindən artıq ziyarətçi xarici ölkə vətəndaşlarıdır.  

Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə təbliğat və tanıtım xarakterli, soyqırımı - şahid ifadələrini əks etdirən sənədli filmin 3 dildə (Azərbaycan, ingilis və rus) tərcümə olunaraq yazıldığı disklər, həmçinin 5 dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) buklet, müxtəlif kitabça, digər çap məhsulları hazırlanmışdır və onlar gələn ziyarətçilərə təqdim edilir. Soyqrımı kompleksində vaxtaşırı elmi-praktiki konfrans, "dəyirmi masa" və beynəlxalq görüşlər keçirilir. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr