AZ

Aprel döyüşləri ilə bağlı hərbi cinayətlər araşdırılıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.

Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi, Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun, Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan edilib.

Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.

Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

XQ

Seçilən
34
7
xalqqazeti.az

10Mənbələr