İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-si səhər saatlarında başladı. Bir neçə saat sonra düşmənin təxribatlarına qarşı bu əks-hücum Vətən müharibəsi statusunu aldı.
28 sentyabr 2020-ci il tarixində Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrin səfirləri və diplomatları üçün brifinq keçiriblər.
Hikmət Hacıyev brifinqdə bəzi beynəlxalq təşkilatların qərəzli mövqeyinin müşahidə olunduğunu vurğulayıb və bildirib ki, Azərbaycan öz hərəkətlərini beynəlxalq hüquq çərçivəsində həyata keçirir.
“Tarixdə hər bir xalqın qarşılaşdığı belə məqamlar olur. Xahiş edirəm, nəzərə alasınız ki, bu, böyük bir Vətən müharibəsidir. Biz bu prosesdə dostlarımızı tam səmimi mənada müəyyən etmək istəyirik. Azərbaycan xalqı sizin dostluğunuzu, həmrəyliyinizi yüksək qiymətləndirir”, – H.Hacıyev qeyd edib.
H.Hacıyev Azərbaycanda hərbi vəziyyətin elan olunduğunu da bildirib: “Bu, Azərbaycanın əsas şəhərlərini, cəbhə bölgəsindəki, həmsərhəd rayonlarımızı əhatə edir. Bu gün də qismən səfərbərlik haqqında Azərbaycan Prezidentinin fərmanı qəbul edilib”.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın məqsədi sülhü təmin etmək və vətəndaşlarını qorumaqdır.
“Azərbaycan Silahlı Qüvvələri ölkənin suveren əraziləri daxilində fəaliyyət göstərir, beynəlxalq humanitar hüquq normalarını rəhbər tutaraq hərəkət edir. Amma biz bunun tamamilə əksini Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətində görürük”, – prezidentin köməkçisi əlavə edib.
Həmin görüntüləri təqdim edirik: