AZ

Tarixi ədalətin Zəfər təntənəsi

AMEA-nın Gəncə Bölməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr Anım Gününə həsr olunmuş “Zəfərə aparan tarixi ədalətin təntənəsi” adlı elmi-praktik dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl iştirakçılar 44 günlük Vətən müharibəsinə həsr olunmuş sərgi ilə tanış olublar və müharibənin əsas məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib. Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə tədbirə rəsmi start verilib.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. O, müharibə dövründə həm cəbhədə döyüşən əsgər və zabitlərimizin, həm də arxa cəbhədə çalışan mülki vətəndaşlarımızın göstərdiyi misilsiz fədakarlıq və birlik nümunəsindən danışaraq, bu zəfərin tarixə qızıl hərflərlə yazıldığını vurğulayıb. Akademik həmçinin Gəncə şəhidlərinə həsr olunmuş kitabın nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dəyirmi masa çərçivəsində elmi və ictimai əhəmiyyət daşıyan məruzələr dinlənilib. AMEA Gəncə Bölməsi sədrinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “44 günlük Vətən Müharibəsində ata vəsiyyətinin təntənəsi”, Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova “44 günün diplomatik cəbhəsi: Prezident İlham Əliyevin xarici mediaya müsahibələri”, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova “Birinci və İkinci Qarabağ müharibələrində Rusiyanın mövqeyi” mövzularında çıxış ediblər.

Bundan əlavə, Beynəlxalq münasibətlər şöbəsinin müdiri Simuzər Qafarlı “Berlin və Şuşa: qələbə simvollarının müqayisəsi”, Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “İkinci Qarabağ müharibəsində Gəncə”, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsində”, YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “44 günlük Vətən Müharibəsi: Cənubi Qafqazda yeni siyasi reallıqlar” və Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin əməkdaşı Nuranə Qənbərova “Beşikdən məzara Vətən eşqi” mövzusunda çıxışları ilə yadda qalıblar.

H.QASIMOV,
XQ-nin bölgə müxbiri

Seçilən
10
xalqqazeti.az

1Mənbələr