AZ

Deputatların Xameneidən təhlükəli tələbi – razı olsa…

Azər Həsrət: “İrandakı rejim orta əsrlərdə ilişib qalıb”

İranda parlamentin 71 üzvü ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini və nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini tələb edib. Sepah Pasdaranın Telegram kanalının yaydığı məlumata görə, deputatlar bu barədə həm Milli Təhlükəsizlik Şurasına, həm də yüksək vəzifəli məmurlara rəsmi məktub göndəriblər.

Məktubda vurğulanır ki, İmam Xameneinin 2010-cu il fitvası nüvə silahının istehsalı və istifadəsini qadağan etsə də, silahın özü və ehtiyatının yaradılması çəkindirici amil kimi önəm daşıyır. Deputatların fikrincə, bu yanaşma İranın müdafiə strategiyasında ciddi üstünlük təmin edə bilər. Kanalın məlumatına görə, son illərdə aparılan ictimai rəy sorğuları göstərir ki, 12 günlük müharibədən sonra xalq arasında nüvə silahına dəstək əhəmiyyətli dərəcədə artıb.

Ekspertlər qeyd edirlər ki, bu çağırış yalnız texniki və strateji məsələ deyil, həm də regionda yeni gərginliklərin yaranmasına səbəb ola bilər. İranın nüvə proqramına dair qərarlar yalnız daxili siyasət üçün deyil, eyni zamanda qonşu ölkələrin və qlobal güclərin diqqət mərkəzindədir.

Sual yaranır: Xamenei deputatların çağırışına qulaq asacaqmı? İranın müdafiə doktrinasının sərtləşməsi və nüvə silahı imkanlarının aktiv şəkildə gündəmə gətirilməsi regionda hansı nəticələrə yol aça bilər? Analitiklər hesab edirlər ki, belə bir addım həm diplomatik təzyiqləri gücləndirə, həm də ABŞ və İsrail kimi güclərin diqqətini yenidən Tehrana yönəldə bilər.

Azər

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a qeyd edib ki, İranı idarə edən fars-molla rejimi faktiki olaraq orta əsrlərdə ilişib qalıb və müasir reallıqları dərk edə bilmir:

“Onların gözlərini açıb dünyaya baxmaları lazımdır. İlk növbədə nəzərə almaq lazımdır ki, nüvə silahı 1945-ci ildə Yaponiyaya qarşı istifadə edilib və ondan sonra heç bir böyük və ya kiçik dövlət bu silahdan istifadə etməyib. Yəni faktiki olaraq nüvə silahı olsa da, ondan istifadə edilmir; dünya da bu silahı daha çox böyük güclərin öz təhlükəsizliyini təmin etməsi üçün yaratdığı balans kimi qəbul edir – ABŞ, Rusiya, Çin və daha sonra onlara qoşulan Pakistan, Hindistan kimi dövlətlər özləri üçün təhlükəsizlik zolaqları təşkil ediblər. Əlbəttə, arzulanandır ki, ümumiyyətlə, nüvə silahı olmasın.

İndi isə İran daxildəki dərin sosial və ekoloji problemləri həll etmək əvəzinə yenidən bahalı nüvə proqramına girişmək istəyir. Dünya İranı bu niyyətdən çəkindirmək üçün təzyiqlər göstərir; bu ilin yayında isə İsrail İranın bəzi nüvə obyektlərinə hücum edərək onların fəaliyyətinə zərbə vurdu – bu, dərs olmalı idi. Lakin görünür ki, onlar bundan dərs çıxarmaqda ağır düşünürlər. Nəticədə həm dövlətlərinə, həm xalqına zərər verəcəklər”.

Azər Həsrət qeyd edib ki, Azərbaycan Respublikası üçün narahatlıq doğuran məqam odur ki, İranda 40 milyona yaxın soydaşımız yaşayır: “Onlar canı canımızdan, qanı qanımızdandır. Təəssüf ki, İranın bu cür sərsəm siyasətləri bizim soydaşlarımızı da məcburən alətə çevirə bilər; bunu arzu etmirik. Buna görə də düşünürəm ki, İranda daxildə azadlıq hərəkatları gücləndirilməlidir. Fars molla rejimi belə davam edərsə, xalqı daha da çətin vəziyyətə sala bilər. Hər xalq, o cümlədən türklər, öz taleyinin qərarını özləri verməlidirlər. Tehran rejimi ilə qurtuluş görünmür.

İran hakimiyyəti, xüsusən də liderlik, İsrailin hücumlarından sonra daha ağıllı və dünyanı qane edəcək çıxış yolları təklif etməli idi. Lakin onlar yenə də nüvə məsələsindən danışıblar – beləliklə yeni fəlakətləri özlərinə dəvət edirlər. Niyə bizim soydaşlarımız bu çətinlikləri çəkməlidir? Niyə fars molla rejiminin sərsəm ideyaları bizim soydaşlarımızı əzab çəkməyə məcbur etməlidir? Hesab edirəm ki, artıq İranın belə bir rejiminin tarixin arxivinə göndərilməsinin vaxtı çatıb. Soydaşlarımız da bir qədər daha fəal olmalıdırlar”.

Musavat.com

Seçilən
4
2
editor.az

3Mənbələr