AZ

"Həbs qərarı Adnan Əhmədzadə üçün gözlənilməz olub", - vəkil

Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə üçün "həbs qərarı gözlənilməz olub", - onun vəkili Şaiq Mirzəyev BBC-yə deyib.

"Adnan Əhmədzadə tanınmış iş adamıdır. Uzun müddət SOCAR strukturunda çalışıb. Təbii ki, bu hadisə onun üçün gözlənilməz olub. Amma dözümlülük nümayiş etdirir və bu halda istintaqa ifadələr verir və digər istintaq hərəkətlərində də iştirak edəcək", - vəkil bildirib.

Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda baxın.

Mirzəyev deyib ki, Adnan Əhmədzadə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır və hələlik məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri yoxdur:

"Dörd ay ərzində istintaq hərəkətlərində iştirak edəcəyik. İşlə əlaqədar həqiqətin üzə çıxarılmasına çalışacağıq", - vəkil Şaiq Mirzəyev qeyd edib.

Vəkil cinayət işinin detalları barədə danışmasa da, Azərbaycan mediasında yayılan ittihamların Əhmədzadənin təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib.

O, BBC-yə açıqlamasında mediada səslənən ittihamların heç birinə münasibət bildirməyib və bunu "istintaq materiallarında olan hər bir məlumatın istintaq sirri" olması ilə əsaslandırıb.

Eyni zamanda o, Adnan Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunduğunu da açıqlamayıb, yalnız onu deyib ki, Əhmədzadə "ağır cinayətlərdə ittiham olunur".

Yerli mediada iddia olunur ki, Adnan Əhmədzadə Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətməkdə və külli miqdarda mənimsəmədə ittiham olunur.

Rəsmi qurumlar bu iddiaları hələ nə təsdiq, nə də təkzib ediblər.

AzTV-nin bir süjetində Əhmədzadənin ofşor zonalarda şirkətlər şəbəkəsi yaradaraq Rusiya neftini Avropa bazarlarında saxta sertifikatlarla satdığı iddia olunub.

Bu süjetdə həmçinin Azərbaycan neftinin xloridlə çirklənməsi və bunun nəticəsində dünya bazarında Azərbaycan neftinin qiymətinin düşdüyü, ölkəyə 2 milyard dollarlıq zərər dəydiyi iddia onunub.

İyulun 23-də BP-nin Azərbaycan ofisi Ceyhan limanındakı bəzi çənlərdə üzvi xloridin aşkarlandığını açıqlamışdı.

BP BBC-yə sentyabrın 2-dən etibarən problemin həll edildiyini, lakin xloridin bəzi çənlərə necə düşdüyünü və zərərin miqdarını araşdırmağa davam etdiyini bildirib.

Seçilən
47
bbc.com

1Mənbələr