Milli Cəbhə Partiyası 27 Sentyabr Anım Günü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
27 Sentyabr – Azərbaycan tarixində qəhrəmanlıq, birlik və qətiyyət günü kimi əbədiləşmişdir. 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi xalqımızın milli iradəsini, sarsılmaz əzmini və tarixi ədaləti bərpa etmək uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu mübarizənin mərkəzində xalqımızn vəhdəti, birliyi, ordumuzun əzmkarlığı, peşəkarlığı dayanırdı. Dövlət, xalq, ordu birliyi Vətən müharibəsində qələbənin təmin edilməsində həlledici rol oynadı. Hər bir vətəndaş vəzifəsindən, siyasi görüşündən asılı olmayaraq torpaqlarımızın azadlığı naminə həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstərdi. Bu birlik və həmrəylik Azərbaycanın gələcək inkişafı üçün ən böyük zəmanət olaraq qalmaqdadır.
Müharibə başlayan gündən ölkədə fəaliyyət göstərən müxalifət partiyalar hakim partiyayla birlik nümayiş etdirdi. Ölkənin siyasi tarixində ilk dəfə olaraq siyasi partiya rəhbərləri birgə həmrəylik bəyanatı verdilər. Bu sıx birliyin sayəsində Azərbaycanın uğurlarını istəməyən xarici düşmən qüvvələr aramıza sızmaq üçün boşluq tapa bilmədilər.
Milli Cəbhə Partiyası olaraq, biz Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızı dərin hörmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qanı və canı bahasına əldə edilən bu tarixi Qələbə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirmişdir.
Bu gün qarşımızda duran əsas vəzifə həmin qələbəni qorumaq, dövlətçiliyimizi daha da gücləndirmək və ölkəmizi dayanıqlı inkişaf yolunda irəli aparmaqdır.
Milli Cəbhə Partiyası olaraq biz əminik ki, Azərbaycan xalqı bundan sonra da dövlətimizin suverenliyi və ərazi bütövlüyünün keşiyində qətiyyətlə dayanacaq, dövlətimiz yeni-yeni uğurlara imza atacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə can sağlığı arzulayırıq!
Yaşasın müstəqil, güclü və qalib Azərbaycan dövləti!