AZ

Norveçin “Aftenposten” qəzetində Nobel mükafatının tarixi və onun Bakı ilə əlaqəsi haqqında məqalə dərc edilib

Stokholm, 27 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Norveçin “Aftenposten” qəzetində Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun Nobel mükafatı tarixinin norveçlilərə az məlum olan səhifəsinə və onun Bakı ilə əlaqəsinə həsr olunmuş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, diplomat oxuculara Nobel mükafatının əsasında təsis edildiyi kapitalın təxminən üçdə birinin təkcə dinamitdən deyil, həm də neftdən, üstəlik, məhz Bakıda hasil edilən XIX əsrin “qara qızılı”ndan formalaşdığını xatırladır.

Zaur Əhmədov məqalədə Nobel qardaşları tərəfindən o dövrün ən böyük neft imperiyası olan “Branobel”in yaradılmasından bəhs edir. Bu, 1870-ci illərdə, Robert Nobelin ağac üçün şəhərə gəldiyi, lakin bunun əvəzinə neft biznesinə sərmayə qoyması ilə başladı. XX əsrin əvvəllərində dünya neftinin yarısı Bakıda hasil edilirdi, Nobellərin məhsulu isə Avropa şəhərlərini işıqlandırırdı. Şirkətin səhmləri sonradan Nobel mükafatının maliyyələşdirilməsinə kömək etdi, lakin Azərbaycana ekoloji təsiri və onun təbii ehtiyatlarının istifadə edilməsi bu mirasın mənfi tərəfinə çevrildi.

Səfir onu da qeyd edir ki, inqilabdan sonra bu fakt, demək olar ki, unudulub, Nobellərin Bakıdakı iqamətgahı olan “Villa Petrolea” isə yararsız vəziyyətə düşüb. Yalnız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bu tarix yenidən bərpa olundu, “Qara şəhər” isə müasir “Ağ şəhər”ə çevrildi. Bu gün “Villa Petrolea” İsveç və Norveçdən kənarda yeganə Nobel muzeyi olaraq qalır.

Müəllif Nobelə həsr olunmuş sərgilərdə Bakı fəslinin çox vaxt olmadığını və Nobel mükafatının yaradılmasında Bakının töhfəsinin daha böyük diqqətə layiq olduğunu vurğulayır. Onun sözlərinə görə, Bakı Nobel İrsi Fondunun Stokholm və Oslodakı təntənəli tədbirlərə cəlb edilməsi mükafatın mənşəyi ilə bağlı daha dolğun və ədalətli təsəvvür yaratmağa kömək edərdi.

“Bu, həm də Nobel mükafatının şöhrətinin və nüfuzunun bir hissəsinin həqiqətən də Azərbaycanın torpağından və tarixindən qaynaqlandığının tarixi faktının etirafetnə aktı olardı”, - deyə səfir sözünü yekunlaşdırır.

Seçilən
11
2
azertag.az

3Mənbələr