AZ

DİQQƏT: Dəyişkən hava bu xəstəlikləri kəskinləşdirir… – Bəs necə qorunaq?

Son günlər ölkədə havaların gah soyuması, gah da isinməsi əhalidə müəyyən narahatlıqlar yaradıb. Tibbi-meteoroloji proqnozlar göstərir ki, belə dəyişkən və qeyri-sabit hava şəraiti insan sağlamlığına mənfi təsirsiz ötüşmür. Xüsusən də mövsüm xəstəliklərinin artması və xroniki problemlərin kəskinləşməsi bu dövrdə daha çox müşahidə olunur.

Maraqlıdır, tibbi meteoroloji proqnozlara görə havaların qeyri-sabit keçməsinin (qısa fasilələrlə gah soyuq, gah da isti keçməsinin) hansı fəsadları ola bilər?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, payız fəsli adətən qrip mövsümünün başlanğıcı hesab edilir:

Cavid Hüseynov

“Temperaturun fasilələrlə dəyişməsi zamanı orqanizm viruslara qarşı daha həssas olur. Saatlar ərzində baş verən sürətli hava dəyişiklikləri bədənimizə əlavə gərginlik gətirir. Soyuq hava isə ağciyərləri qıcıqlandıraraq, xüsusən də astma və bronxit xəstəliklərindən əziyyət çəkənlər üçün nəfəs almağı çətinləşdirir. Qrip kimi viruslar soyuq şəraitdə daha sürətlə yayılır. Soyuq havalarda insanların pəncərələri bağlı saxlaması da otaq daxilində virusların çoxalması üçün əlverişli şərait yaradır”.

Ekspertin sözlərinə görə, havaların qeyri-sabit keçməsi əsas meteoroloji göstəricilərdə – temperatur, havanın rütubəti, atmosfer təzyiqi, oksigen miqdarı və atmosferin elektrik sahəsində ciddi dəyişikliklər yaradır.

“Bu dəyişikliklər isə meteohəssas insanlarda narahatlıq, ürək-damar və dayaq-hərəkət sistemi xəstəliklərinin kəskinləşməsi ilə nəticələnə bilər”.

Cavid Hüseynov əlavə edib ki, xəstəliklərin qarşısını almaq üçün sadə qaydalara əməl etmək kifayətdir:

– hava şəraitinə uyğun geyinmək,
– həddindən artıq yüklənməmək,
– stresli vəziyyətlərdən uzaq olmaq,
– xroniki xəstəlikləri olanların isə həkimin tövsiyə etdiyi simptomatik müalicəyə riayət etməsi vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr