AZ

Anım Gününün tarixi əhəmiyyəti və milli yaddaşımızda yeri ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan tarixində Vətən müharibəsi xüsusi mərhələ təşkil edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə xalqımızın qəhrəmanlıq salnaməsi, milli birlik və həmrəyliyin rəmzi, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş şanlı bir Zəfərdir. Həmin müharibədə canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini yaşatmaq məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 Sentyabr – Anım Günü təsis edilib. Bu gün ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə dərin hörmət və ehtiramın təcəssümüdür. Anım Günü təkcə bir xatırlatma deyil, həm də xalqımızın milli yaddaşında əbədi yaşayacaq müqəddəs bir tarixdir. Bu gün şəhidlərimizin ruhuna ehtiram göstərilir, onların canı və qanı bahasına əldə edilən Qələbənin qiyməti bir daha dərk olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

O qeyd edib ki, Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarının işğalı ilə barışmadı, daim ədalətin bərpa olunacağına inanaraq mübarizəsini davam etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan hərbi əməliyyatlar 44 gün ərzində şanlı Zəfərlə nəticələndi. Bu Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqımızın iradəsi və dövlət-xalq birliyinin parlaq nümunəsi idi. Müharibə dövründə Azərbaycan Ordusunun əsgər və zabitləri, həmçinin arxa cəbhədə çalışan minlərlə vətəndaş misilsiz fədakarlıq nümayiş etdirərək, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bu mübarizədə bir yumruq kimi birləşdi, milli həmrəyliyin ən yüksək zirvəsini göstərdi. Eyni zamanda, müharibə dövründə düşmənin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizə edilən raket hücumlarında yüzlərlə günahsız insan həlak olsa da, Azərbaycan xalqı iradəsini itirmədi. Əksinə, bu faciələr xalqımızı daha da səfərbər etdi və qələbəyə olan inamı gücləndirdi.

“Azərbaycan xalqı yaxşı dərk edir ki, azadlıq və Qələbə şəhidlərimizin qanı bahasına qazanılıb. Vətən müharibəsində minlərlə igid oğul və qızımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə ölməzlik qazandı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ruhuna ehtiram göstərmək bizim müqəddəs borcumuzdur. Bu gün ölkəmizin hər bir guşəsində şəhidlərimizin xatirəsi anılır, onların qəhrəmanlığı gənc nəslə nümunə kimi təqdim olunur. Şəhidlərimizin adları əbədiləşdirilir, məktəblərə, küçə və prospektlərə onların adları verilir, xatirə kompleksləri ucaldılır. Şəhidlik zirvəsi Azərbaycan xalqının milli kimliyinin, Vətən sevgisinin ən ali ifadəsidir. Onlar ölümsüzdür, çünki Azərbaycanın hər qarış torpağında, dalğalanan üçrəngli bayrağımızda, xalqımızın azad və firavan gələcəyində yaşayırlar. Anım Günü həm də dövlətin şəhidlərə və onların ailələrinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına hərtərəfli dəstək göstərir. Onların sosial müdafiəsi, mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan xalqı və dövləti heç vaxt şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq. Onların qanı bahasına bərpa edilən ərazi bütövlüyü bu gün milli iftixar mənbəyidir. Anım Gününün rəsmi şəkildə təsis edilməsi də məhz bu vəfa borcunun təzahürüdür.

“Bu gün ölkənin hər bir guşəsində şəhidlərin ruhuna dualar oxunur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi məscidlərdə yad edilir. Eyni zamanda, küçələrdə, prospektlərdə, evlərin balkonlarında üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu bayraq şəhidlərin qanı ilə qazanılmış Zəfərin, müstəqilliyin və milli birliyin rəmzidir. Anım Günü gənc nəsil üçün də mühüm tərbiyəvi əhəmiyyət daşıyır. Gənclər şəhidlərin qəhrəmanlığını öyrənir, onların fədakarlığından nümunə götürürlər. Bu gün Azərbaycan məktəblərində və ali təhsil müəssisələrində Vətən müharibəsinə həsr olunmuş tədbirlər keçirilir, şagird və tələbələr milli qəhrəmanların həyat yolu ilə yaxından tanış olurlar. Bu, gənclərdə Vətənə sevgi, milli dəyərlərə sadiqlik, dövlətçilik ənənələrinə hörmət hissini gücləndirir. Çünki şəhidlərin həyatı və qəhrəmanlığı gələcək nəsillər üçün ən böyük vətənpərvərlik dərsidir. 27 Sentyabr – Anım Günü xalqın yaddaşında əbədi yaşayacaq bir tarixdir. Bu gün şəhidlərin müqəddəs ruhuna ehtiram ifadəsi olmaqla yanaşı, həm də xalqın qürur və iftixar günüdür. Azərbaycan bu gün öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü şəhidlərin canı və qanı bahasına təmin etmişdir. Azərbaycan xalqı hər il 27 sentyabrda şəhidlərinin ruhunu yad etməklə onların əziz xatirəsini yaşadır, gələcək nəsillərə qəhrəmanlıq mirası ötürür. Anım Günü milli birlik günümüz, Vətən sevgisinin ən ali təcəssümü və dövlətin əbədi yaddaşında xüsusi yer tutan tarixi bir gündür”, - deyə Şahin Seyidzadə əlavə edib.

Seçilən
19
50
azertag.az

10Mənbələr