AZ

“Yalnız güclü dövlət effektiv xarici siyasət apara bilər” “Müharibə regionda yeni imkanlar açdı”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

27 sentyabr 2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi kimi qəbul olunur. Məhz həmin gün başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu tarix yalnız hərbi əməliyyatların başlanğıcı deyil, həm də milli yaddaşda yeni mərhələnin başlanması, milli birliyin və dövlətçilik yetkinliyinin simvoluna çevrilib. Azərbaycan üçün bu gün həm qəhrəman şəhidlərin xatırlandığı bir gün, həm də yeni milli identikliyin, müstəqil siyasət və güclü dövlətçilik yolunun başlanğıcıdır.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun fikrincə, İkinci Qarabağ müharibəsində əldə edilən qələbə qəfil baş vermədi, bu, illərlə davam edən dövlət quruculuğu prosesinin nəticəsi idi: “Müharibə və onun nəticələri başlanğıc yox, uzunmüddətli prosesin məntiqi sonluğu idi. Bu proses dövlət institutlarının möhkəmlənməsi, ordunun güclənməsi, iqtisadiyyatın inkişafı və yeni nəsil azərbaycanlıların formalaşması ilə bağlı idi. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində doğulmuş gənclər müstəqillik dövrünün övladlarıdır. Onlar həm döyüş meydanında qəhrəmanlıq göstərdilər, həm də yeni Azərbaycan kimliyinin simvoluna çevrildilər”.

Politoloq qeyd edir ki, bu yeni kimlik yalnız Azərbaycanın daxilində deyil, beynəlxalq miqyasda da özünü göstərdi: “2020-ci ildəki müharibə bizim gücümüzü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan artıq öz sözünü deyən, müstəqil qərarlar qəbul edən dövlət kimi tanındı”.

T.Zülfüqarov hesab edir ki, 27 sentyabr həm də yeni dövlət modelinin formalaşmasını göstərdi: “Tarix sübut edir ki, yalnız diplomatiya ilə böyük problemləri həll etmək mümkün deyil. Ermənistan-Azərbaycan münaqişəsi bunun bariz nümunəsidir: on illərlə aparılan danışıqlar nəticəsiz qalırdı, çünki arxasında real güc yox idi. Ona görə də iki amil ayrılmazdır – yalnız güclü dövlət effektiv xarici siyasət apara bilər”.

Onun sözlərinə görə, beynəlxalq hüququn mövcudluğu, BMT və digər təşkilatların qərarları özlüyündə kifayət etmir: “Ədalətli qərarlar ancaq o zaman işləyir ki, onları həyata keçirmək üçün dövlətin siyasi iradəsi və hərbi-siyasi gücü olsun. İkinci Qarabağ müharibəsi bu reallığı bütün dünyaya göstərdi”.

Sabiq nazir həm də qeyd edib ki, müharibə regionda yeni imkanlar açdı və Cənubi Qafqaz ölkələrinin mövqeyini dəyişdirdi: “Uzun illər bölgədə xarici qüvvələr süni konfliktlər yaradaraq təsir imkanlarını saxlayırdılar. Məqsəd Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət aparmasına mane olmaq idi. Amma bu gün vəziyyət dəyişib. İndi ölkələr öz milli maraqları ilə çıxış edir və daha az xarici təsirlərə açıqdırlar. Əvvəllər bölgə ölkələri yalnız kənardan gələn təşəbbüslərin iştirakçısı idisə, indi onlar öz gündəmləri ilə çıxış edir, qarşılıqlı əməkdaşlıq yollarını axtarırlar”.

Politoloqa görə, bu proses ilk növbədə kommunikasiya və nəqliyyat xətləri ilə başlayıb, amma perspektivdə iqtisadiyyat, ticarət və enerji sahələrini də əhatə edə bilər: “Bu tendensiya davam edərsə, region ölkələrinin sosial-iqtisadi inkişafı sürətlənəcək və əhalinin həyat səviyyəsi yüksələcək”.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr