AZ

Tarix dərsi + dərsin tarixi

İstedadlı  yazıçı-dramaturq, şair və publisist İlqar Fəhminin Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının
“Şah Abbas Namə” tamaşası haqqında bədii-publisistik xatırlama

 

Teatr siyasətinin mühüm qolu olan repertuar siyasətinin düzgün idarə olunması sahəsində mütamadi uğurlu addımlar atan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı  yeni bir sənət qələbəsinin zövqü ilə yaşamaqdadır.

Bizim üçün çox fərəhləndirici bir haldır ki, tamaşamıza Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsininmüdiri hörmətli Fərəh xanım Əliyeva, millət vəkilləri, Mədəniyyət Nazirliyinin və media nümayəndələri, sevgili tamaşaçılarımız təşrif buyurmuşdular.

***   ***   ***

Baş pərdə olmadığından, tamaşa salonuna daxil olan kimi Şah Abbas məkanının dekorasiyası maqnit kimi diqqəti özünə çəkir:

         -səhnə geyimi ilə;

         -şahmat döşəməsi ilə;

         -məxsusi anlam verən nəhəng şahmat fiqurları ilə. (Şah Abbas bu fiqurlarla həyatının şahmat oyununda təkcə ölkəsini, əzizlərini  deyil, həm də tarixi mat qoyacaq... bir azdan.);

         -dekorasiyası ilə.

Bu böyük sınaq meydanında imtahan verənlərin qeyri-adi həyəcanları səhnə “cibində” gizləndiyindən onu tamaşaçı görmürdü. Dördüncü divardan o yana ötürməmək üçün istedadlı aktyorlar həyəcanlarını qəlblərində dəfn edib, müəlliflə rejissorun, rəssamla bəstəkarın  onlar üçün hazırladıqları sınaq meydanına cəsarətlə atıldılar, iyirmi səkkiz nəfərlik  səhnə qatarında yerlərini tutdular. Adları tarixə həkk olunmuş bu sərnişinlərin sonuncu dayanacağı iki saatdan sonra olacaqdı... O məqama qədər isə... Tarixin möhtəşəm səhifələrindən biri vərəqlənməyə başlandı. Tarix özünün ağlı-qaralı səhifələrində çəkdiyi tablonu gözlərimiz qarşısına sərdi. Heyrətimiz, düşüncəmiz, bütün duyğularımız həmrəy olub, bizi ağır dalğalarla dənizin içinə çəkməyə başladı.İşıq seli, musiqi kimi köməkçi bədii vasitələr səhnəni sehirli bir tarix mənzərəsinə köklədi. Tamaşanın quruluşçu rejissoru Nicat Mir Kazımovun səhnə yozumu, ağıl və məntiqin diqtəsi kimi  şahmat döşəməsi üzərində qurduğu tarix “oyunu”, quruluşçu rəssamı Mustafa Mustafayevin əqli görüm təsviri, məqamlarla istifadə olunmuş bəstəkar Hacıəsgərlinin musiqiləri mənzərənin təsir gücünü maksimallaşdırdı.

Ekspozisiyada məxsusi musiqi vurğusu ilə Şah Abbas, nəvələri, əyanları, şah qulluqçularından yaradılmış ordu əsgərləri -qorçular daxil olurlar. Jestikulyasiya şahmatvari fiziki elementdən ibarətdir. Dəqiq hesablanmış bu yürüş  tamaşaçı  üçün məxsusi atmosfer yaradır, həm də izləyənləri öz dünyasına çəkib aparır... Ekspozisiya beynimizdən zahirə fikir mesajı verir: MONUMENTAL!!!

Sağ ol, teatrım! Sağ olun, Nicat müəllim! Sağ olun, teatr rəhbəri! Şahın naməsini hazırlamaq üçün teatrın direktoru Naidə xanım İsmayılzadə rahat iş otağını tərk edib, vaxtının çoxunu tamaşa zalında keçirir, maraqlı fikir mübadiləsi  ilə kollektivin tarixi dərsin imtahanına hazırlanmasında məsləhətlərini əsirgəmirdi.

Əməkdar artist Elşən Rüstəmovun gözəl səs tembri, səlis diksiyası ilə dörd  hissədən ibarət  tamaşanın hər hissəsində səfəvilər dövrünün görkəmli tarixçilərinin araşdırmalarından aydınlaşdırma mətnləri oxunur... Şah Abbas hekayəsi başlanır... Bu hekayə prioritet məsələdirmi?.. Əgər Vətənimizin tarixidirsə, prioritetdir. Əgər dünya bunu fars tarixi kimi tanıyırsa, prioritetdir. Bütün ideyası və məntiqi çözümü ilə sekulyarlaşırsa, deməli, prioritetdir! Bu, bugünki qüdrətli dövlətimizin uzaq keçmişindən bir səhifədirsə, BİZİM ÜÇÜN PRİORİTETDİR!

Əslində, bu namədən bir çox vacib cəhətlər haray salıb: “Biz də buradayıq!”- deyirdi:

-Vətənini sevən, onun uğrunda əzizlərini  qurban verən qüdrətli bir şah;

-insan psixologiyası;

-...inam və xəyanət;

-qurulan “tor”ların ağıl və məntiqlə dağıtma qüvvəsinin varlığı...

Tamaşa təcəssümü quruluşçu rejissor Nicat Mir Kazımov tərəfindən elə zərgər dəqiqliyi ilə işlənib ki, obrazların bütün psixofizioloji yükü aktyorların canına, qanına hopub. Obrazların xarakter cizgiləri bütün aktyorların ifasında var. Nicat Mir Kazımov istedadlı bir rejissor kimibunun öhdəsindən gəlib. Fikrimiz daha aydın olsun deyə, bədii-publisistik xatırlamamızda tamaşanın hadisə ardıcıllığı ilə biz də tarix qatarının sərnişininə çevrilirik.

I hissə: “SƏTRƏNC”

Növcavan Şah Abbas –Sənan Kazımov personajın qorxusunu, altı yaşından bu yana yaşadığı faciənin ağır təəssüratını, eyni zamanda, yeri gələndə ən yaxınlarına belə qəddarlığını oynayır... “Şahın qüsuruna kimsə şahid olmamalıdır,”-deyə ən yaxın dostunu – Sadiq bəyi zəhərləyib öldürür.

Sadiq bəy – Mətləb Abuşov əsl-həqiqətdə şahına sədaqətli bir əyanı, yaxın dostunu oynayır.

Mürşüdqulu xan Ustaclı – Rasim Cəfər (Əməkdar artist.)Səhnəyə gəlişi, cəsarəti ilə seçilən bu əsilzadə ölüm anının ağırlığını, sarsıntısını, qorxusunu üstümüzə səpələyir... məharətlə.Mürşüdqulu xanın zəhərlənib oyun meydanına daxil olması, ölüm anları onun ifaçısı Rasim Cəfər təfərindən ötürülən təəssüf, heyrət və ağrı kimi duyğuların qovuşuğunda dördüncü divar sərhədi uçuldu, çünki aktyor standartlara uyğun tərzdə ikinci plan oyununda idi.

 

                                II hissə: “QAN QOXUSU”

Yetkin şah Abbas – Niyaz İlyasoğlu. “Kənardan” gəlib ansambla bu qədər daxil ola bilmək, oyun balansı yaratmaq çox çətindir.Xüsusilə, Həzrət Hüseyn şəbihində psixofizioloji gerçəkliyə üsyan edərək (aktyor birnəfəsə danışır, usanmır, yorulmur), fiziki fonu - yerdə sürünməsi, ürəklə zəncir vurması (aktyorun kürəyi yara salmışdı), ulu şah babası – Şah İsmayılın yuxusunda verdiyi informasiyaya sarsılması və bu sarsıntıdan doğan fiziki gerçəklik qəlbimizə işləyir və bizi sarsıdırdı.

Seyid Mirhəmid ağa – Kərəm Hadızadə obrazının sülhpərvərliyini, həqiqəti biləndən sonra həyəcanını və hiddətini qabarıq fizioloji gerçəkliklə yaradır. Onun nigaran səs çaları mühitinin qarmaqarışıqlığına bir güzgü tutur,  peşəkarlığı maneralarının içindən boylanırdı.

Şamxal bəy – Aydın Dəmirov. Aktyor ifasına görə Şah Abbasla mükaliməsində zahirən cəngavər olsa da, daxilən? şahın humanizm və ya qəzəbindən asılı bir ordu başçısıdır.

Mustafa xan Ustaclı – Nofəl Vəliyev (Əməkdar artist), Elşən Hacıbabayev personajın daxili kinini, şahın verəcəyi qərarın şəxsi mənafeyə yönəltə istəyini daxili və zahiri hücumlarını məharətlə ifa edirlər.

Hüseyn xan Şamlı – Ramil Şamiloğlu mühit böhranını, siyasi düyünü açıqlayarkən, əslində personaj həqiqətinin içində səhnə normativlərinin müsbət şkalasını aıqlayırlar.

Fərhad xan Qaramanlı – Vahid Orucoğlunun ölüm qorxusu cəlladına çevriləcək. Onun xanlar arasında münaqişəni səssiz izləməsi belə reaksiya fikkri oyadır. Vahid sözsüz danışaraq, obrazın daxili təbəddülatınıötürməyi bacarır

İmanqulu xan Qacar – Anar Seyfullayev. İmanqulu xanın birinci şəxsin seçilməsindəŞah Abbasın qarşısında üsyanı adamı heyrətə salır. Bu cəsarətli xanın yaradıcısı bir an meydangirlik edib, sonra şah q arşısında mütiyə çevrilir. Apluasız aktyorumuzun ifasının ötürümü bu proses açıqlamasına uyğundur.

Azad xan Əfşar – Ceyhun Məmmədov maneraları özünəinanan kişi obrazı ilə cazibə  yaradır. Şah Abbasın sınaq imtahanında Azad xanın təmkinini və hiddətini , onun açıq şəkildə etirafını Ceyhun istedadla prosesə tarazlaşdırır.

Pir Məhəmməd xan Türkmən – Elşən Şıxəliyev gözəl səs tembri, təmiz diksiyasıilə uzun illər görmədiyimiz aktyor imkanlarını bizə diktə edir. Obrazın etirazını, daxili əsəbini təmkinlə ifa edən Elşən də quruluşçu rejissorun kəşfi sayıla bilər.

                                                             

QEYD:Tamaşaçı qavrayışında pillə uğrunda, şahin diqqətini özünə, tayfasına yönəltməyə çalışan bu personajlar daxili və zahiri münaqişə içində bir məqam yaşayırlar. Bu məqam icrasında aktyorlarımızın nə qədər istedadlı,  səhnə tozunun içində nə qədər  vicdanla çapalamağı bacaran olduqları  aydın görünür.Onlar ampluasızlıqlarını bir daha sübut etdilər. Onlar həm dramatik, həm fəci, həm də psixoloji səpgilərdən yoğrulmuş, eləcə də alleqoriya donu biçilmişpersonajların ürəyəyatımlı ifaçısıdırlar. Çox təəssüf ki, teatrımız müasir (!) yerli müəlliflərin komediya janrında yazdıqları əsərlərə  müraciət etmir.

Adına uyğun olaraq, “Qan qoxusu”  hissəsi ətrafa qan qoxlatdırır, hazırki vəziyyətdəki qan-qada ilə yanaşı, növbəti faciələrin qoxusunun duman kimi onlara tərəf sürünməsi mesajını verir.

 

                            III hissə: “Zindan”

Fateh şah Abbas – Nicat Mir Kazımov (Əməkdar artist), Elnur Kərimov (Əməkdar artist). İki nəfər teatr və ekran “ulduzu”-iki dublyor. Hər birinin özünəməxsus rəng çaları... Onların ikinci plan hesabına yaranan, daxili oyun tərzinin zahiri təzahürü olan üz  mimikaları sözsüz danışır... Xüsusilə, Zülfüqar xanla son dialoqdakı ikrah hissi, xana məchul  az sonrakı faciəyə məxsus daxili təbəddülatın üz cizgilərində əksi heyrətamiz idi.

Zülfüqar xan – Manaf Dadaşov. 25 ilə yaxın bir müddətdir ki, bu aktyoru tanıyıram. Müxtəlif janrlı tamaşalarda, müxtəlif səpgili rollarda görmüşəm. Aktyorun  Zülfüqar xan təcəssümü özünün xarakter  bütövlüyü, ağrıları, acıları,  həqiqətin üzünə dik baxması sokral vəziyyətin təzahürü idi.

Rza xan– Rəşad Səfərov. - O, Şah Abbas Zülfüqar xanla davranışı barədə soruşanda Rza xanın qorxusunu,  Zülfüqar xana verdiyi igəncələr qarşısında nə uydurub deyəcəyini, çaşşqınlığını mimikalarında məharətlə əks etdirir. Personaj ikiüzlülüyü, qorxaqlığı məhz bu üz cizgiləri vasitəsilə zahirə sıçrayır.Manaf bu tamaşadakı psixofizioloji gerçəkliyi son dərəcə dəqiq və məharətlə ifa etdi. Bu obraz həm psixoloji baxımdan, həm mizan baxımından, həm obrazın taleyi baxımından çox mürəkkəbdir. Rejissor aktyorun daxilini aça blib, ora Zülfüqar xan personajını yerləşdirib. 

Davud bəy – Elgün Yəhyayev sözsüz oyunu ilə Davud bəyin qəddarlığını, laqeydliyini, özünün ölüm hökmünü eşidəndə çarəsizliyini uzaq məsafədən belə hiss etdirə bilir.

 

                       IV hissə: “Vəliəhd”

Tamaşanın ən sarsıdıcı hissəsi məhz bu hissədir. Osmanlı adətlərinə görə biri  vəliəhd seçilirsə, qardaşları öldürülür ki, hökmdara maneə törətməsin. Müdrik şah Abbas saray münaqişələrinin qarşısını almaq, vətənini qorumaq məqsədilə ürəkgöynədən seçimlə  bu yola yolçu olur.

Müdrik şah Abbas – Qurban İsmayılov (Xalq artisti). Onun pauzaları tamaşaçı ilə sözsüz danışırdı, çünki məharətlə ifa edirdi. Aktyorun ruhu sanki Şah Abbasın ruhu ilə birləşib sokral vəziyyət yaratmışdı.

Qurban müəllimin fiziki gerçəklikdən daxili oyun tərzinə - ikinci plan oyununa keçməsi obrazın bütün təbəddülatını məharətlə açıqlayır.  Psixoloji gerçəkliyi canlandıranda  ustalıq göstərən sənətkar tamaşaçı ruhunu sarsıdır.

Xoca Nizaməddin – Elnur Bəhramxan (Əməkdar artist). Hələ gənc yaşlarından tipajlar qalereyasını yaradan istedadlı aktyor şah sarayının tədbirli xocası missiyasını daxili təbəddülatın üz cizgiləri, göz ifadələri vasitəsilə inamla danışır. Obrazın psixoloji qatları aktyorun bütün fizionomiyasına hopdu.

Şahzadə İsmayıl Mirzə - Anar Səfiyev şaha etirazını, ölüm qorxusunu, babasına nifrətini, onun qətlə yetirilməsi oyununa qoşulub obrazın daxili təbəddülatını açıqlayır.

Şahzadə Həmzə Mirzə - İlhan Sadıqov. Mübariz, çevik, siyasi gedişatı duyub tədbir görməyi bacaran şahzadənin psixofizioloji ötürmə missiyasını istedadla təvsir edir.

Şahzadə Şəfi Mirzə- Nurlan Süleymanlı əks-hücumu bacarsa da, sonun məğlub şahzadənin daxili istəklərini, taxt  uğrunda mübarizə apardığını, bütün personaj gerçəkliyini səhnə məkanında tablo kimi çəkib bizə göstərir.

Şahzadə Təhasib Mirzə - Hüseyn Bayramov. O, gənc aktyordur. Hüseynin  Şahzadə Təhmasibi sanki real həyatın bir parçası idi. Personaj humanizmini finala doğru daha dəqiq ifa etdi. Hüseyn rejissorun  kəşfi sayıla edib. Bu da bizim uğurumuzdur.

“Qorçular” – Səfəvilər dövründə şahın seçmə qvardiyasının üzvü “qorçu” adlanırdı.Ramiq Nəsirov, Tahir İsmayılov, Hilal Dəmirov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Eldar İmanov bütün prosesi “səssiz kadr” kimi müşayiət edirlər. Onlar səhnə funksiyasınada fikir  aydınlığı üçün tarazlıq yaratmağa çalışırlar.

QEYD. Nicat Mir Kazımov güclü daxili duyumu olan bir rejissor kimi aktyorlardan Manaf Dadoşovu, Hüseyn Bayramovu, İlhan Sadıqovu yenidən kəşf edib ki, bu da sənətin qadir gücünün qələbəsi sayılmalıdır.

 

                            HEÇ KƏSİN “MİNUS”u YOXDUR

Çox təriflədik, çünki ifaçıların “minus”u yox idi. Əgər “monumental” deyiriksə və bunu qəbul ediriksə (bu, təkcə teatr peşəkarlarının deyil, eyni zamanda, premyerada iştirak edən ziyalıların ümumi  fikridir), deməli, ifaçılar ötürmə missiyasında ustalıq göstərirlər. Səbəbi də budur ki, istedad və məsuliyyətli olmaqla yanaşı, həm də Nicat Mir Kazımov tələbkarlığı, uzadılmış məşqlər nəticəni normativlə balans yarışında qalibdir.

Klassik geyimlərin yaraşdığı (teatrın bədii şurasının sədri Naidə xanım İsmayılzadə bunu dəfələrlə qeyd etdi) aktyorlarımız təcəssüm aurasında deyil, prosesin daxili mühitində idilər.

 

                  TEATR BİLİCİLƏRİNİN MÜNASİBƏTİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi teatr sektorunun müdiri Böyükxanım Talıbova:

-Əslində, bu tamaşa dərsini bilməyənlər üçün bir nümunədir, qoy baxıb, tariximizi öyrənsinlər. Tarix mənim yaralı yerimdir. Dövr dəyişdikcə tarixə müraciət azalır.  Bu tamaşa Azərbaycanı qiymətləndirənlər üçündür.

“Şah Abbas Namə” tarixi dramının tamaşaya qoyulması mənim arzumun, istəyimin çiçək açması deməkdir.  Sizə təşəkkür edirəm ki, tariximizi bizə yenidən göstərdiniz və biz onu yenidən öyrəndik. İlqar Fəhmi, Nicat Mir Kazımov, Mustafa Mustafayev birliyi  ruhumuza təsir edən, elmi-praktik cəhətdən çözümlənə bilən bir tamaşa hazırlayıblar. Bu tamaşa onu göstərir ki, quruluş heyəti də, bədii-yaradıcı heyət də tariximizi yaxşı bilirlər.

Şah Abbas tamaşada yaş kateqoriyasına görə göstərilir və bu, ayrı-ayrı səhnələr hesabına təcəssüm tapır. Rejissor tamaşaya elə quruluş verib ki, yaş keçidləri epizodlarda qırıqlıq yaratmır, bir dəniz dalğası kimi rahatca sahilinə çatır. Biz yaş hədlərini düşünmədən, yeniyetməlik, gənclik, qocalıq dövrlərini görürük. Maraqlı cəhət budur ki, yaş hədləri ayrı-ayrı aktyorlar təfəfindən və ayrı-ayrı geyimlərdə oynanılır. Şah Abbasın yeniyetməliyi, təmizliyi, sonra baş verən hadisələr nəticəsində xarakter dəyişikliyi,yaşa dolması, münaqişələrlə və keşməkeşlərlə dolu həyatı personajların ifa dəyişkənliyində görünür. Bu dörd nəfər  Şah Abbas ifaçısı bir xarakterin inkişafından törəyir.

Bədii şuranın üzvü, AMEA Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Vidadi Qafarov:

-Bu tamaşada çox ciddi bir fakt gizlənib: bu, həm  dramaturq, həm də rejissor tərəfindən məharətlə işlənib. Şah Abbas həqiqətlərini olduğu kimi çatdırmaq İlqar Fəhmi tərəfindən düzgün strategiyadır.

 

Bədii şuranın üzvü, Abdulla Şaiqin mənzil muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə:

Musiqi müxtəlif cür olur: biri səhnəni müşayiət edir, biri ümumi leytmotiv rolunu oynayır,  eyni zamanda, müxtəlif obrazların leytmotivi ola bilir. Bu tamaşada funksionallıq düzgün qurulub: zərb alətlərinin səsi, surun çalınması tamaşaçının  ruhuna işləyir. Bu baxımdan, deyə bilərəm ki, tamaşanın musiqisi öz funksional   vəzifəsini yerinə yetirdi. Obrazların geyimləri çox xoşuma gəldi. Xüsusilə, ağ-qara təsvirlə yaradılan təzad tamaşanın daxili fikirlərini açıqlayır.  Şah Abbasın yaş dövrünə görə müxtəlif rənglərdə geyimləri səhnəyə baxımlılıq verir. Ümumiyyətlə, geyimlərin həm tematikası vardı, həm də səhnəyə rəngarəglik gətirir. Azərbaycan miniatürlərində olan detallar geyimlərdə və aktyorların qrimlərində öz əksini tapıb. Bu, quruluşçu rəssamın uğuru kimi dəyərləndirilməlidir

Nicat Mir Kazımov Şah Abbasın ömrünün dörd dövrünü dörd aktyor arasında bölüb. Oyun isə dörd yaş həddinin bir aktyorun ifası, yaşa dolaraq ömrünün sonuna çatması təəssüratı oyadır.

Tarixi əsərlərin səhnəyə gətirilməsi vacibdir və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox əhəmiyyətlidir. Mənim nöqteyi-nəzərimcə, bu, möhtəşəm tamaşadır. Aktyorlarımıza təşəkkür edirəm ki, onlar öz istedadları ilə bizi heyrətləndirə bildilər.  Bu da  kollektivin uğurunu təmin edir.

 

          SONLUQ ÜÇÜN

Tamaşa özünün bütün alt oturumu ilə sekulyarlaşdığı fikrini aşılayır. Hesabatı tarixi teatrın tarixi tamaşasında aktyor heyəti təcəssüm missiyasını sənət tələbinin  ən yüksək dəyərinə tarazlaşdırdı.

Sözsüz ki, bu, yazıçı-dramaturq İlqar Fəhminin tarixi faktlara sədaqətinin nümunəsi kimi dəyərləndirilməlidir. İlqar müəllim tarixi dövrü çox dəqiq, həm də dramaturgiyaya uyğun tərzdə tədqiq edib. Biz də bu tarixi tələbəyə ən yüksək qiyməti veririk ki, dərsinə yaxşı çalışıb.

Şah Abbas əzizlərini vətənə qurban verəndə ürəyi göynəsə də, təmkinli olmağa çalışır. Şahzadə  Təhmasib Mirzənin (Hüseyn Bayramov) ruhu bədənindən ayrıldıqdan sonra daxili göynərti, sakit, həm də sirayətedici bir səslə (Xalq artisti Qurban İsmayılov) deyir: “Sənin bütün şeirlərini oxumuşam, mənim balam.”

Şah Abbas vətəni üçün hətta övladlarından keçir. Qaniçən kimi göstərilən Şah Abbasa bir nəfər belə sadiq insan olmayıb. Ona görə də törətdiyi faciələrə görə ona haqq qazandırmaq olar.

Bu, Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Biz tariximizi qorumalı, onu müdafiə etməyi bacarmalıyıq. Gözləməməliyik kimsə möhtəşəm tariximizi özününküləşdirsin, sonra hərəkətə keçək. Bu, bir DƏRSİN tarixi, TARİXİN dərsidir. Biz DƏRSdən də, TARİXdən də bizə vacib olan PAYı götürməliyik.

Bəli, biz hesabatımızı təkcə tamaşaçı qarşısında deyil, həm də tarix qarşısında layiqincə verdik. Biz 97-ci mövsümün ikinci rübünə aid son tamaşamızın başucalığını yaşadıq:İlqar Fəhmi qəhrəmanlarının dili ilə.(Çox az yazıçı var ki, mənim üçün aksiomadır. İlqar Fəhmi də belə müəlliflərdəndir.-R.R.)Bizə bu tarixi dərsi səhnədən keçən, belə bir ciddi təəssürat oyadan istedadlı və tanınmış rejissor, Əməkdar artist Nicat Mir Kazımovdur! Onun vasitəsilə tarixin vacib bir səhifəsini oxuduq. Zəhmətsevər kollektivimiz səmimi duyğuları ilə teatr məqsədinə bir güzgü tutdu. O güzgü baxanlara ünvanlanan bir müqəddəs ifadəni bizə çatdırır: ƏHSƏN!!!

 

UNUTMAYACAĞINIZ RAYİHƏ – O MƏNƏM!

Sətrlər çoxaldıqca ürəyimin döyüntüsü artır, ona köklənən qələmimin sürətini ölçməyə cihazın varlığı belə məlum deyil. Şüara çevrilib teatr binasının damından kollektivimin üstünə leysan kimi yağmaq istəyirəm:

-Sizinlə birgə şərəfli bir ömür yaşadım. Azacıq  payım olan uğurlarınızda sizin üçün daha fərəhli keçdi. Uğrunda çox çalışdığım, teatr tariximizi səylə, məsuliyyətlə işlədiyim - ən böyük uğurumuz “Milli” statusuna layiq görülməyimiz oldu. Yaxın günlərin birində sizə vida edəcəyəm:  alnıaçıq, üzüağ. Namusuma sığınıb yaşadığım üçün! Siz də üzümü ağ etdiyiniz istedad və məsuliyyətinizlə, səmimiyyətinizlə qəlbimi sevindirdiniz. Hamınızı bağrıma basıb qəlbimin bütün sidqilə dediklərimə  qulaq verin:

-Sizi çox sevən bir nəfər Rafiq Rəhimli vardı. Sizə çiçək əvəzinə qəlbinin istəklərini, şirin dualarını hədiyyə edir: qoy bu hədiyyə ovcunuzda çiçək açsın,  rayihəsi bütün ömrünüz boyu Sizi müşayiət etsin!

Dərin ehtiramla, sizin Rafiq Rəhimli.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının

ədəbi-dram hissə müdiri, Əməkdar mədəniyyət işçisi, “Qizil Kitab” mükafatı laureatı, iki dəfə “XXI əsr ziyalıları” Beynəlxalq layihəsinin qalibi



Seçilən
12
herbiand.az

1Mənbələr