AZ

Qərb Pezeşkianı vurdu - İranda istefa dalğası başlaya bilər

Məlum olduğu kimi, ötən gün BMT Təhlükəsizlik Şurası Rusiyanın və Çinin İrana qarşı sanksiyaların uzadılmasını təxirə salmaqla bağlı təqdim etdiyi qətnaməni qəbul etmədi. Qətnamənin lehinə yalnız Rusiya, Çin, Pakistan və Əlcəzair səs verdi, əleyhinə isə ABŞ, Fransa və Böyük Britaniya daxil olmaqla 9 ölkə çıxıb. Beləliklə, 2231 saylı qətnamənin müddəti oktyabrın 18-də başa çatacaq və həmin tarixdən etibarən İrana qarşı sanksiyalar bərpa olunacaq.

İranın xarici işlər naziri Abbas Əraqçi qərarı kəskin tənqid edərək ABŞ-ı diplomatiyaya “xəyanətdə”, Avropa dövlətlərini isə “onu dəfn etməkdə” günahlandırıb.

Bəs BMT Təhlükəsizlik Şurasının qətnaməni rədd etməsi İran-Qərb münasibətlərinə hansı təsirləri göstərəcək?Sanksiyaların bərpası Pezeşkian hökumətinin daxili siyasətinə necə yansıyacaq? Ümumiyyətlə, ABŞ və Avropa dövlətlərinin sərt mövqeyi hansı strateji məqsədlərə xidmət edir?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

ZEYNAL

Politoloun fikrincə, baş verən hadisələr onu göstərir ki, ABŞ və Qərb ölkələri İrana qarşı təzyiq siyasətinə start veriblər:

“Burada əsas məqsəd sanksiyaların bərpası məsələsi deyil. Bu, daha çox Pezeşkian hökumətinin imicinə mənfi təsir göstərəcək hadisədir. Çünki Pezeşkian hökuməti Qərblə dialoqun tərəfdarı kimi çıxış edirdi. Faktiki olaraq, bu müddətdə İranla Qərb ölkələri və institutları arasında müəyyən dərəcədə razılaşmalar əldə edilmişdi. Artıq İranın nüvə obyektlərinə baxış keçirilməsi ilə bağlı razılıqlar var idi. Məsələn, MAQATE üzvləri ilə İran arasında nüvə məsələsində əməkdaşlıq razılaşdırılmışdı. Həmçinin, İran Qərb ölkələri ilə dialoqun tərəfdarı olduğunu açıq şəkildə bəyan edirdi. Bu barədə xarici işlər naziri Abbas Əraqçı dəfələrlə açıqlamalar vermişdi.

Buna rəğmən, İranın daxilində xeyli sayda mühafizəkar qüvvələr məhz nüvə danışıqları məsələsində təkid edirdilər. Onlar danışıqların başlamamasını israrla bildirir, Qərb ölkələrinin İranı yarı yolda qoyacağını iddia edirdilər. BMT-də qəbul edilən həmin qərar isə həqiqətən də mühafizəkar qüvvələrə əlavə güc verəcək. Çünki faktiki olaraq Qərb danışıqlar prosesini baltaladı və İrana qarşı sanksiyaları yenidən bərpa etdi. Yəni danışıqların getdiyi bir ərəfədə Qərb ölkələrinin bu addımı İran daxilində ciddi narazılığa səbəb oldu.

Xüsusilə nəzərə almaq lazımdır ki, Pezeşkian məhz BMT Baş Assambleyasında çıxış edirdi. Bu, İranda onun diplomatik uğursuzluğu kimi qələmə verilməyə çalışılacaq.

Ancaq mən düşünürəm ki, Qərb ölkələri sanksiya siyasətini İrana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək və çalışacaqlar ki, İran məhz sanksiyaların aradan qaldırılması ilə bağlı daha çox güzəştə getsin.

Buradakı əsas məqsəd İrandan daha çox güzəştin əldə olunması və onu silahlanma məsələsində geri addım atmağa məcbur etməkdir. Onlar çalışırlar ki, İran uranın zənginləşdirilməsi prosesindən imtina etsin və silah məsələsində bir qədər geri çəkilsin. Çünki İran son zamanlar çox güclü şəkildə silahlanır.

Bununla belə, bu hadisə Pezeşkian hökumətinə mənfi təsir göstərəcək. Hətta deyərdim ki, əgər İrandakı mühafizəkar qüvvələr israrlarını davam etdirərlərsə, Pezeşkian hökumətinin daxilində istefalar da baş verə bilər. Məsələn, birinci cəhddə vitse-prezident Məhəmməd Cavad Zərifin istefa verməsi faktı var idi. Bu hadisədən sonra isə xarici işlər naziri Abbas Əraqçi istefa verə bilər”.

Xalidə Gəray
Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr