AZ

Uşaqlıqda başlayan bəzi xroniki xəstəliklər plastiklərdəki kimyəvi maddələrlə əlaqələndirildi

Nyu-York Universiteti (NYU) Langone Health Mərkəzi tərəfindən aparılan araşdırma, uşaqlıq dövründə plastiklərin istehsalında istifadə olunan bəzi kimyəvi maddələrə məruz qalmağın uzunmüddətli sağlamlıq riskləri yaratdığını üzə çıxarıb.

E-saglam.az xəbər verir ki, tədqiqatda hamilə qadınlar, döl və uşaqlar üzərində aparılmış minlərlə müşahidə analiz edilib. Araşdırma üç əsas kimyəvi qrupa yönəlib:

Ftalatlar – plastikləri elastik etmək üçün istifadə olunur,

Bisfenollar – materiala sərtlik qazandırır,

Polifloroalkil maddələr (PFAS) – istiliyə və suya qarşı dayanıqlığı artırır.

Mütəxəssislər müəyyən ediblər ki, bu maddələr orqanizmdə iltihablanmanı gücləndirir, hormonların fəaliyyətini pozur və bir çox həyati prosesə mənfi təsir göstərir. Nəticədə hormon pozğunluqları, immun sistemində iltihab və beyin inkişafında problemlər yarana bilər.

Xroniki xəstəliklərlə əlaqə

Araşdırma göstərib ki, uşaqlıqda bu kimyəvi maddələrə məruz qalmaq gələcəkdə:

ürək xəstəlikləri,

piylənmə,

sonsuzluq,

astma kimi xroniki xəstəliklərin yaranma riskini artırır.

Tədqiqatın rəhbəri, pediatr Leonardo Trasande bildirib:“Tapıntılarımız plastiklərin uşaqlıqdan başlayaraq gənclik və yetkinlik dövrünə qədər davam edən bir çox xroniki xəstəliyin əsas səbəblərindən biri ola biləcəyini göstərir”.

Trasande, gündəlik həyatda plastik qablar əvəzinə şüşə və ya paslanmaz poladdan istifadə etməyi, plastiklərin isə mikrodalğalı soba və ya qabyuyan maşında işlədilməməsini tövsiyə edib.

Araşdırmanın nəticələri nüfuzlu “The Lancet” jurnalında dərc olunub.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr