AZ

Banka borcu olanların NƏZƏRİNƏ: Əgər adınıza gecikmə düşübsə, bu addımı atın…

Banklarda ödəniş gecikmələri bəzən müştərinin real maliyyə çətinliyi ilə deyil, texniki səbəblərlə də bağlı ola bilir. Məsələn, ödəniş sistemində yaranan nasazlıq və ya qeyri-iş günlərinə görə əməliyyatın növbəti iş gününə keçməsi halları buna misal göstərilir.

Maraqlıdır, belə olan halda da gecikmə hesablanırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, praktiki olaraq bu cür hallarda belə ödənişlər müştərinin gecikməsi kimi qeydə alınır:

Asif İbrahimov

“Texniki problemlər mövcuddur. Məsələn, şənbə günü edilən ödəniş bazar ertəsi sistemə düşür. Amma bu halda da bəzən ödəniş müştərinin gecikməsi kimi göstərilir. Normalda belə olmamalıdır. Bank sistemində elə meyarlar təmin olunmalıdır ki, bu hallar nəzərə alınsın. Təəssüf ki, praktikada çox vaxt fərqli olur”.

Ekspertin sözlərinə görə, belə vəziyyətlə üzləşən müştəri bankla əlaqə saxlayaraq səbəbi izah etməli, müvafiq sübutlar təqdim olunmalıdır:

“Kredit tarixçəsinə təsir edən texniki gecikmələr düzəldilə bilər. Müştəri müraciət və sübut təqdim etdikdə, bank bu məlumatı sistemdə korreksiya edir”.

İbrahimov əlavə edib ki, bu sahədə daha şəffaf mexanizmlərin tətbiqi vacibdir ki, müştərilər texniki səbəblərdən haqsız yerə “gecikən borclu” kimi göstərilməsin.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
0
2
konkret.az

3Mənbələr