AZ

27 Sentyabr – Şəhidlərin əbədi nəfəsi və ADU-nun qan yaddaşı

27 Sentyabr… Bu tarix təkcə təqvimdə bir gün deyil. Bu gün minlərlə ananın göz yaşına, minlərlə övladın yarımçıq xəyallarına, minlərlə ailənin susqun dərdinə çevrilmiş müqəddəs gündür. Azərbaycan xalqı  şəhidlərinin müqəddəs ruhu qarşısında baş əyir, onların canı bahasına qazanılmış azadlığımızı yad edir.

    Azərbaycan Dillər Universiteti də bu müqəddəs siyahıda öz igid övladları ilə fəxr edir. Universitetin tələbələri və məzunları arasında da şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız olub. Onlar dərs auditoriyalarında öyrəndikləri bilikləri həyata tətbiq etməyə macal tapmadılar, amma öyrətdikləri ən böyük dərs – vətən sevgisi – hər birimiz üçün örnək oldu.

    Təsəvvür edirsizmi? Dünən bir auditoriyada tələbə kimi oturan, sabaha planlar quran gənc indi torpağın qucağında uyuyur. Onlar – müqəddəs bir işığın rəmzinə çevrilib. ADU-da şəhidlərin adları daim hörmətlə anılır. Tədbirlərdə onların qəhrəmanlıqları tələbələrə örnək göstərilir. Hər yeni tələbə auditoriyalara daxil olanda ilk olaraq onların şəkillərinə baxır və anlayır: Vətən sevgisi hər bir bilikdən, hər bir uğurdan daha müqəddəsdir.

    Mən bu gün bir tələbə kimi yox, bir övlad, bir bacı, bir azərbaycanlı kimi yazıram. Çünki bu universitetin tələbəsi olaraq bilirəm ki, bizim də şəhidlərimiz var – dərs oxuyan, gülən, gələcək haqqında xəyallar quran gənclərdən bəziləri artıq aramızda deyil. Onlar bu həyatdan keçsələr də, qəhrəmanlıqları ilə əbədiyaşar oldular. Dəhlizlərdən keçəndə, auditoriyaların qapısından girəndə bir ürək sızıltısı duyulur. O auditoriyaların divarlarında şəhid məzunlarımızın şəkilləri var. Hər dəfə onlara baxanda ürəyim sıxılır – baxışlarında qəribə bir sirr gizlənib. Sanki bizə deyirlər: “Sizin üçün döyüşdük, sizin üçün canımızı fəda etdik… İndi siz davamçımızsınız.”

    Teymur Osmanlı, Əzim Həsənov, Elvin Bayramov… – onlar bizim kimi tələbələr idilər. Həyatın ən gözəl çağında, arzularının ortasında qələmi silahla əvəz edib torpaq uğrunda döyüşdülər.

    Şəhidlər bizə yalnız azad torpaq yox, həm də əmanət qoyub getdilər – ailələrini, balalarını. ADU bu əmanətə sahib çıxaraq, gizir Elməddin Babayevin üç övladını universitetin himayəsinə götürdü. Bu, təkcə maddi dəstək deyil – şəhidin ruhuna verilən bir anddır.

    Bəzən dərs dinləyərkən fikrim yayılır – bu partada bəlkə şəhid Teymur, Əzim, Elvin… oturmuşdu. Onlar da bizim kimi dərslərə tələsirdi, gələcək barədə xəyallar qururdu. Amma bu gün həmin xəyallar yarımçıq qalıb… Biz isə o yarımçıq xəyalların davamçısıyıq. Bu hiss insana ağır gəlir. Bir tərəfdən qürur duyursan ki, bu xalqın övladları belə mərd olub. Digər tərəfdən göz yaşını saxlaya bilmirsən – hər şəhidin arxasında gözləri yol çəkən bir ana var. Hər şəhidin arxasında bir uşaq var, atasız böyüyən. Hər şəhidin arxasında bir gənclik var, yarımçıq qalan…

    27 Sentyabr – qəlbimizi sızladan, amma bizi gücləndirən gündür. Hər dəfə ADU-da şəhidlərimizin şəkillərinə baxanda içimdən eyni dua keçir: Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında dərin ehtiramla baş əyirik. Onlar torpağın altında yox, hər bir azərbaycanlının qəlbində, hər auditoriyanın boş partasında, hər şəhid anasının göz yaşlarında, hər atasız uşağın gülümsəyən xatirəsində, yarımçıq qalan gəncliyin xəyallarında əbədi yaşayırlar.

    Ali Baş Komandan Prezident İlham Əliyev və ölkəmizin rəhbər şəxsləri onların xatirəsini daim yaşadır, adlarını əbədiləşdirir, ailələrinə qayğı göstərir və gələcək nəsillərə qəhrəmanlıq örnəyi kimi çatdırırlar. Bu diqqət göstərir ki, şəhidlər millətin ürəyində, hər uğurumuzun arxasındadır.

   Şəhidlərin Ruhları qarşısında baş əyirik, göz yaşlarımızla şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik və qürurla söz veririk: onların arzularını yaşadacaq, yollarını davam etdirəcək, fədakarlıqlarını heç vaxt unutmayacaq, hər zaman əbədi xatırlayacaq və yaşadacağıq!


ADU-nun 3-cü kurs tələbəsi: Məryəm BAĞIROVA

Seçilən
9
news365.az

1Mənbələr