AZ

Tarixin dönüş nöqtəsi: milli iradənin qələbəsi və tarixi ədalətin bərpası

Bakı, 27 sentyabr, AZƏRTAC

XX əsrin sonlarında dünya siyasətində baş verən köklü dəyişikliklər, xüsusilə də Sovet İttifaqının dağılması Cənubi Qafqaz regionunda yeni güc balansının formalaşmasına səbəb oldu. Sovet rəhbərliyinin ikili və qeyri-obyektiv siyasəti nəticəsində Azərbaycanın tarixi ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və oradan kənar ərazilərə qarşı Ermənistan tərəfindən ərazi iddiaları irəli sürüldü. Bu prosesdə məqsəd Azərbaycan xalqının milli oyanışının qarşısını almaq, müstəqillik meyillərini boğmaq və bölgədə qeyri-sabit vəziyyət yaratmaq idi. Bu mürəkkəb tarixi və siyasi şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirildi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı və milli təhlükəsizliyə real təhdid olan separatizmə qarşı məqsədyönlü mübarizə aparıldı.

AZƏRTAC AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayevin “Tarixin dönüş nöqtəsi: milli iradənin qələbəsi və tarixi ədalətin bərpası” adlı məqaləsini təqdim edir.

Azərbaycan dövləti beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin sülh yolu ilə həllini prioritet elan etdi. Lakin 1992-ci ildən fəaliyyətə başlayan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda birtərəfli yanaşma, xüsusilə də Rusiya Federasiyasının bəzi nümayəndələrinin qeyri-obyektiv mövqeyi prosesin uzanmasına və nəticəsiz qalmasına səbəb oldu. O zaman Qarabağ üzrə Rusiya nümayəndəsi Vladimir Kazimirovun danışıqlar prosesində tutduğu qərəzli mövqe və əsirlərin dəyişdirilməsi ilə bağlı məsuliyyətsiz yanaşması təəssüf doğurur.

1994-cü ildə Azərbaycanın müdafiə potensialının artırılması məqsədilə NATO standartlarına uyğun hərbi islahatlara başlanıldı. Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi bu istiqamətdə mühüm mərhələ oldu. Məhz bu məqsədlə 1994-cü il iyulun 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Doğan Güreşin Heydər Əliyev tərəfindən Azərbaycana dəvət olunması və aparılan danışıqlar nəticəsində regionda balanslı güc sistemi formalaşmağa başladı.

Daha sonra Budapeşt sammitində, Lissabon sammitində üstünlüyü ələ alan Ümummilli Lider Heydər Əliyev bu müharibənin sülh yolunu yeganə yol hesab etdiyi halda, Minsk qrupu tərəfindən, əsasən həmsədr dövlətlərdən olan Rusiya tərəfindən Azərbaycan dövlətinin prinsiplərinə zidd, bir neçə həll variantı təklifinin şahidi oluruq. 1997-ci ildə təklif edilən variantlardan biri münaqişənin “paket” həll, ikincisi mərhələli, 1998-ci ildə isə “ümumi dövlət” prinsipi əsasında tamamilə uyğunsuz, Azərbaycanın suveren hüquqlarını pozan və ərazi bütövlüyünə zərbə olan həll variantlarına Azərbaycan tərəfi razılaşmadı. Ermənistan tərəfi belə hesab edirdi ki, bu mürəkkəb vəziyyətdə Azərbaycanın iradəsini qıra bilərlər, amma yanılırdılar. Hətta burada təklif olunan variantlarda bəzi məqamlarda düzəliş edərək sülh təklifinin ola biləcəyini Azərbaycan dövləti nümayiş etdirsə də, ermənilər daha “böyük status”dan danışırdılar. 1999-cu ildə İstanbul sammitində Ulu Öndər Heydər Əliyevlə Ermənistan Prezidenti Robert Köçəryan arasında görüşdən də heç bir nəticə əldə olunmadı. Ermənistan virtual güclərə və hərbi dəstəkçilərə arxayın olaraq özünü “qalib tərəf” kimi göstərirdi. Nəhayət, aparılan danışıqlar kontekstində, müəyyən bir fasilədən sonra 2004-cü ildə münaqişənin həlli ilə bağlı yeni danışıqlar formatı təklif edildi ki, bu da tarixə “Praqa prosesi” adı ilə daxil oldu. 2007-ci ildən etibarən “Madrid prinsipləri”, 2009-cu ildən isə “Yenilənmiş Madrid prinsipləri” adını almış, lakin heç bir müsbət irəliləyişin olmadığı danışıqlar seriyasının şahidi oluruq. Şablon xarakterli danışıqlara münasibət bildirən Azərbaycan liderləri qeyd edirdilər ki, biz danışıqlar xatirinə danışıqları davam etdirməyəcəyik. 1992-ci ildən 2020-ci ilə qədər ATƏT-in Minsk qrupunda nə az, nə çox 8 heyət dəyişib. Bu heyətlərin heç birinin zamanında biz torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ciddi tələb görmədik.

2016-cı ildə erməni təxribatına qarşı 4 günlük hərbi əməliyyat keçirilməsinə baxmayaraq, ermənilər bundan da bir dərs almadılar. 2020-ci ilin iyul ayının 12-dən Ermənistanın hərbi birləşmələri Qazax, Tovuz istiqamətində ikinci cəbhəni açmağa cəhd etdilər. Amma bütün bu cəhdlərin qarşısı çox mərdliklə alındı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyat “Dəmir yumruq” adı ilə tarixə düşdü və Azərbaycan xalqının milli birliyi, hərbi gücü və siyasi iradəsinin təntənəsi kimi dəyərləndirilir. Əməliyyatın ilk günlərindən etibarən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində Tərtər, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında sürətli irəliləyişlərə nail oldu. Ermənistanın on illərlə möhkəmləndirdiyi “Ohanyan səddi” adlı müdafiə xətləri qısa zamanda yarıldı. Onlarla tank, zenit-raket kompleksi və hava hücumundan müdafiə sistemləri məhv edildi. S-300 zenit-raket kompleksi və “Osa” sistemləri Azərbaycan ordusunun dəqiq zərbələri ilə sıradan çıxarıldı.

Müharibənin gedişi barədə bəzi əməliyyatlara münasibət bildirmək yerinə düşər. 2020-ci il sentyabrın 28-də Ağdərənin Talış kəndi ətrafındakı yüksəkliklərin azad olunması ordunun şimal cəbhəsində üstünlüyünü gücləndirdi.

Müharibənin üçüncü günü 3-cü Martuni alayı, 5-ci və 6-cı motoatıcı taborların məhv edilməsi ilə nəticələndi. Sentyabrın 30-da düşmənin yüksəkrütbəli komandirləri bunker şəraitində zərərsizləşdirildi. Oktyabrın 6-da Madagiz kəndinin azad olunması və tarixi adının bərpası mühüm əhəmiyyət kəsb edirdi. Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı ard-arda azad edildi.

Qeyd etmək lazımdır ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən sonra noyabrın 9-da - təkcə bir gündə Azərbaycan ordusu 71 kənd, bir qəsəbə və 9 strateji yüksəkliyi işğaldan azad etdi. Bütün bu uğurlu əməliyyatlardan sonra Ermənistan dövlətinin kapitulyasiya aktı imzalamaqdan başqa yolu qalmadı.

2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Bu, həm hərbi, həm də mənəvi baxımdan tarixi qələbə idi. Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Eyni zamanda, Ali Baş komandan İlham Əliyev deyirdi: “Şuşasız bizim işimiz yarımçıq olardı”. Məhz Azərbaycan ərazilərinin işğaldan azad olunması strategiyası Ulu Öndər Heydər tərəfindən başladıldı, Prezident İlham Əliyev tərəfindən uğurla sona çatdırıldı. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi. Eyni zamanda, postsovet məkanında torpaqları işğaldan azad olunan yeganə dövlətdir ki, separatizmə son qoydu.

Azərbaycanın əldə etdiyi bu tarixi Zəfər təkcə hərbi deyil, eyni zamanda siyasi, diplomatik və mənəvi zəfərdir. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmağa, beynəlxalq hüququ bərpa etməyə və tarixi ədaləti təmin etməyə qadirdir.

 

Seçilən
22
azertag.az

1Mənbələr