AZ

Daşkənddə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 27 sentyabr - Anım Günü ilə əlaqədar təqdbir keçirib.

Səfirlikdə keçirilən tədbirdə əvvəl Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb,  foyedəki abidəsi önünə çiçək dəstələri qoyulub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Zəfərə aparan yol” adlı fotosərgi təqdim olunub.

Sərgidə torpaqlarımızın işğaldan azad edilməsi, erməni işğalçılarının torpaqlarımızda həyata keçirdiyi vandalizm öz əksini tapıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev sentyabrın 27-nin Azərbaycan tarixindəki rolundan danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin hörmətlə anıldığını qeyd edib. 

Səfir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbənin ölkəmizin tarixində yeni dövr açdığını, bölgədəki reallıqları dəyişdiyini və beynəlxalq ədalətin bərqərar olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Səfir Azərbaycan xalqının erməni işğalçılarının 30 ilə yaxın davam edən təcavüzünə qarşı yumruq kimi birləşdiyini və buna cavab olaraq Vətən müharibəsi apardığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini, Vətən torpaqlarının azad olunduğunu bildirib.

Diplomat torpaqlarımızın azad edilməsi uğrunda qəhrəman oğullarımızın rəşadəti haqqında məlumat verərək 44 günlük Vətən müharibəsində Qələbənin şəhidlərimizin qəhrəmanlığı və rəşadəti hesabına qazanıldığını vurğulayıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr