AZ

Heç “Barselona”ya da Qubada çörək yoxdur!

Proqnoz verməyi heç xoşlamıram.

Mübahisələrdən həmişə qaçmışam.

Amma sizə zəmanət verirəm və sözümün üstündə dayanıram ki, hər komanda Qubanın o palçıqlı, nahamar meydançası olan stadionundan «sağ» çıxa bilməz! Hətta «Barselona» gəlsə belə.

Mümkün deyil e, qardaş, mümkün deyil! «İmişli» bu məkanda dünyanın ən məşhur futbol brendinə bir «toy» tutar, gəl görəsən!

«Sumqayıt»ın Qubada uduzması, «Zirə»nin 1 xalı zar-zor qoparması bəndənizi qətiyyən təəccübləndirmir.

Peşəkar Futbol Liqasının səlahiyyətli şəxsləri 11 kluba qarşı haqsızlığa yol verib. «İmişli»nin ev oyunlarını Qubada keçirməsinə izn-icazə tanımaqla.

Burada heç I Liqa qarşılaşması keçirilməməlidir. Premyer Liqadan danışırıqsa, Qubanın meydançası heç yada düşməməli idi.

Dayandığı yerdə ayağı sürüşən, qasıq nahiyəsindən zədə alan İssa Cibrilanın halını gördüz də.

Məlum qərar İssanın timsalında bütün futbolçulara həqarətdir. Allah uzaq eləsin, bu stadionda kimsə şil-şikəst olmasa yaxşıdır.

Həmin futbolçunun özünün və ailəsinin qarğışını dinləməyə hazırlaşın!

Payız fəsli yenicə gəlib. Qış bir neçə həftəyə qapını döyəcək. Şimal zonasının təbiəti çox sərtdir: hava bumbuz, yağış da göz açmağa imkan vermir.

Xəyal edəndə ki noyabr və dekabr aylarında Qubada oyunlar keçiriləcək, meydançanın vəziyyətinin futbolçuları necə əziyyətə salacağını düşünüb, dəhşət yaşayırsan.

ELXAN

Seçilən
28
sportinfo.az

1Mənbələr