AZ

Foxconn iPhone 17 nin yığımı zamanı işçiləri qeyri qanuni şəraitdə işlədib

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"China Labor Watch" hüquq müdafiə təşkilatının məlumatına görə, "Apple" şirkətinin ən iri podratçısı olan Tayvanın "Foxconn" korporasiyası Çində qüvvədə olan əmək qanunvericiliyini pozaraq "iPhone 17" modellərinin kütləvi istehsalı zamanı işçiləri qeyri-qanuni şəraitdə işlədib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Araşdırma mart–sentyabr aylarını — yeni nəsil smartfonların istehsalının sürətləndirildiyi dövrü əhatə edir. Hesabata əsasən, Çjençjou şəhərindəki ən böyük "Foxconn" zavodunda işçilər artıq iş saatlarına, məcburi gecə növbələrinə və əməkhaqqı gecikmələrinə məruz qalıblar.

Təşkilatın məlumatına görə, müəssisədə işçi sayı pik dövrlərdə 150–200 min nəfərə çatıb və onların yarıdan çoxu müvəqqəti işçilər olub. Halbuki Çin qanunvericiliyi bu göstəricini maksimum 10% səviyyəsində məhdudlaşdırır. Bu, formal olaraq ciddi hüquqi pozuntu deməkdir.

Məruzədə işçilərə əməkhaqqının yalnız yarısının ay sonunda, qalan hissəsinin isə növbəti ay ödənilməsi nəzərdə tutulan sxem də tənqid olunur. Nəticədə, işdən ayrılan işçilər çox vaxt əlavə saatların ödənişini ala bilməyiblər.

Hüquq müdafiəçiləri həmçinin bu problemləri qeyd ediblər:

* normadan artıq iş yükü və həddən artıq işləmə;

* gənc işçilərin gecə növbələrinə məcbur edilməsi;

* işə qəbulda ayrı-seçkilik halları;

* təhlükəli maddələrlə işləyənlərə lazımi qoruyucu vasitələrin təqdim edilməməsi;

* işçilərə təzyiq və hədə-qorxu faktları.

"Apple" açıqlamasında əmək təhlükəsizliyi, insan haqları, ekoloji məsuliyyət və biznes etikasında "ən yüksək standartlara” əməl etdiyini, bu tələblərin bütün podratçılara, o cümlədən "Foxconn"a şamil olunduğunu bildirib. Şirkət həmçinin mütəmadi auditlər apardığını və pozuntularla bağlı siqnallara operativ reaksiya verməyə çalışdığını vurğulayıb.

Qanunvericilik və "Apple"ın daxili standartlarına görə həftəlik iş vaxtı 60 saatı keçməməlidir. Lakin bir çox "Foxconn" işçisi həftədə 75 saata qədər çalışır.

"China Labor Watch" xatırladıb ki, oxşar araşdırma 2019-cu ildə də aparılmışdı. Onların qiymətləndirməsinə görə, bəzi sahələrdə müsbət irəliləyişlər olsa da — məsələn, artıq yetkinlik yaşına çatmayanların əmək prosesinə cəlb edilməməsi və ümumi həddindən artıq işləmə hallarının qismən azalması — bir çox göstəricilər üzrə vəziyyət daha da pisləşib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr