AZ

Budapeştdə Anım Günü: Qərbi Azərbaycan müzakirə edildi

Bu gün Budapeştdə yerləşən Azərbaycan Evində “Zəngəzur dəhlizinin Azərbaycan–Macarıstan strateji əməkdaşlığının inkişafında rolu” mövzusu ətrafında müzakirələr aparılıb. Toplantının əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


AzEdu.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri xanım Sevda Fərəcova “Azərbaycan–Macarıstan münasibətləri: çoxölçülü strateji tərəfdaşlıq və Zəngəzur sülh dəhlizinin yaratdığı yeni siyasi reallıq Avropada” mövzusunda məruzə ilə çıxış edib.  Qeyd edilib ki, Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfəri, həmin səfər zamanı əldə olunan razılaşmalar da bunun bariz nümunəsidir. Azərbaycanın strateji tərəfdaşı olan Macarıstanla əməkdaşlıq əlaqələrini çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı inkişaf etdirir.


Çıxış zamanı bu ilin avqustunda Vaşinqtonda Azərbaycanın prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan müqavilədən bəhs edilib. Qeyd olunub ki, bu razılaşma təkcə iki ölkə üçün deyil, ümumilikdə bütün region üçün siyasi stabillik, təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə TRIPP dəhlizinin açılması Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətinə uyğun olaraq region ölkələri ilə iqtisadi inteqrasiyanı gücləndirəcək. Bu layihə Mərkəzi Avropada yerləşən Macarıstanın tranzit və logistika qovşağına çevrilməsinə şərait yarada bilər. İxrac və idxal imkanlarının genişlənməsi nəticəsində Macarıstan biznesi üçün yeni bazarlar açılacaq. 


Budapeştdəki Azərbaycan Evinin rəhbəri cənab İbrahim Səfərli “Azərbaycanın Macarıstanla münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda çıxış edərək Macarıstanda yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğində və iki ölkə arasında əlaqələrin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. Çıxış zamanı 27 Sentyabr tarixinin Azərbaycanda Anım günü kimi qeyd olunduğu vurğulanıb, bu tarixin Azərbaycan üçün Zəfərlə bitən savaş tarixinin önəmli səhifəsi kimi qiymətləndirilib.  


Tədbirdə həmçinin Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təmsilçisi Tuncay Eyvazlı “Qərbi Azərbaycanın tarixi və mədəni irsinin xarici mediada tanıdılması” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış xarici mediada” layihəsini icra edir. Layihə çərçivəsində mövzu ilə bağlı yerli televiziyalarda verilişlər hazırlanıb, xarici ölkələrin media orqanlarında silsilə yazılar dərc edilib.

 
Daha sonra toplantı iştirakçılarına dünyanın siyasi gündəmində olan  Zəngəzur və Qərbi Azərbaycan haqqında ətraflı məlumat verilib, bu bölgənin tarixi, coğrafi ərazisi, əhalisi, mədəniyyəti, memarlıq abidələri, mətbəx və ənənələri kimi maraqlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 
Tədbirin yekununda bölgəyə həsr edilmiş fotosərgiyə baxış keçirilib. Əsasən əcnəbi tələbələr və Macarıstanda yaşayan digər xalqların nümayəndələrindən ibarət olan tədbir iştirakçıları bu bölgənin zəngin tarixi-mədəni irsini əks etdirən fotolarla yaxından tanış olublar.

Seçilən
23
8
azedu.az

9Mənbələr