AZ

Kərə yağını bitki yağı ilə əvəz etmək ömrü uzada bilər - Maraqlı araşdırma

Yeni elmi araşdırmaya görə, kərə yağını kanola, zeytun və ya soya yağı ilə əvəzləmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.

E-saglam.az xəbər verir ki, alimlər bildirirlər ki, pəhrizdə aparılan kiçik dəyişikliklər belə ürək xəstəlikləri və xərçəngdən qorunmada mühüm rol oynayaraq ömrün uzunluğuna təsir göstərə bilər.

Araşdırma nəticələri:JAMA Internal Medicine jurnalında dərc olunan genişmiqyaslı tədqiqatda məlum olub ki, müntəzəm olaraq bitki yağları qəbul edən insanların vaxtından əvvəl ölmə ehtimalı kərə yağı yeyənlərlə müqayisədə 16% daha azdır.

30 ildən çox davam edən və 221 min yetkinin iştirak etdiyi araşdırmada hər dörd ildən bir iştirakçıların qidalanma vərdişləri, o cümlədən yağ qəbulu izlənilib. Məlum olub ki, gündə cəmi bir xörək qaşığı kərə yağı vaxtından əvvəl ölüm riskini 15% artırır.

Vaşinqton Universiteti Tibb Fakültəsinin professoru Dr. Yikyung Park izah edir:“Kərə yağı doymuş yağlarla zəngindir, bu da ‘pis’ xolesterini yüksəldərək ürək xəstəliyi riskini artırır. Bitki yağları isə doymamış yağlar ehtiva edir, lipid profilini yaxşılaşdırır və iltihabla mübarizə aparır.”

Ən faydalı yağlar:Kanola, soya və zeytun yağları xüsusilə faydalı hesab olunub. Bu yağlardan gündə təxminən 5 çay qaşığı qəbul edən iştirakçılarda xərçəngdən ölüm riski 11%, ürək xəstəliklərindən ölüm riski isə 6% azalıb.

Mütəxəssislərin məsləhəti:Yalnız yağı dəyişdirmək kifayət deyil – ümumi pəhrizin keyfiyyətinə də nəzarət etmək vacibdir. Bitki yağlarını salatlara, tərəvəz yeməklərinə əlavə etmək faydalıdır, lakin onları emal olunmuş qidaların tərkibində qəbul etmək eyni nəticəni vermir.

Bundan əlavə, hətta sağlam yağların da həddindən artıq istifadəsi zərərlidir. Kalori balansına diqqət etmək ömür uzunluğu və sağlamlıq üçün əsas şərtlərdən biridir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr