AZ

Aran bölgəsində şəhidlərin xatirəsinə dərin ehtiram

Xalqımız 27 Sentyabr – Anım Günündə şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir. Bu əlamətdar gündə respublikanın hər yerində kütləvi anım tədbirləri keçirilir, vətəndaşlar Şəhidlər xiyabanlarına axın edərək şəhidlərin məzarlarını ziyarət edir və ruhlarına dualar oxuyurlar. Bu müqəddəs gün bizə həm də qəhrəman oğullarımızın şücaətini, xalqımızın birliyini bir daha xatırladır.

“İki sahil” xəbər verir ki, Ağdaş rayonunda da 27 Sentyabr - Anım Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs olunub, bu tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm rola malik olduğu diqqətə çatdırılıb.

Tədbir iştirakçıları tərəfindən şəhid məzarlarının və xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzülüb.

Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay şəhər Şəhidlər xiyabanında da tədbir keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Şəhidlərin ruhlarına dualar oxunub, şəhid məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Anım Günündə Zərdab rayonunda da ümumrayon tədbiri keçirilib. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunub.

Sonra Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Saat 12:00-da Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi aran bölgəsi rayonlarında da bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən siqnallar verilib.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr