AZ

Şəhidin həyat yoldaşı: Üç övladımız var idi, bir neçə ay öncə...

BAKI, 27 sentyabr. TELEQRAF

Bu gün 27 sentyabr - İkinci Qarabağ müharibəsinin başladığı tarixdir.

Azərbaycan xalqı üçün bu xüsusi gündə şəhidlərin müqəddəs ruhu yad edilir, məzarlarına əklillər, güllər qoyulur.

Bu gün ölkənin hər yerində olduğu kimi, paytaxtdakı Hərbi Memorial Məzarlıqda da böyük izdiham yaşanıb. Şəhid ailələri, rəsmi şəxslər və digərləri şəhidlərin uyuduğu bu məzarlığı ziyarət edib, dualar oxuyublar.

Bu il Hərbi Memorial Məzarlıqda yenidənqurma işləri diqqət çəkib. Bu da şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Teleqraf-ın əməkdaşı şəhid valideynləri, yaxınları ilə söhbətləşib.

Şəhid leytenant Samir Əliyevin nənəsi Cəmilə Əlizadə deyib ki, təmirdən sonra məzarlıqda ciddi dəyişiklik edilib.

"Gəlib buranı görəndə bir daha fəxr etdik. Düşünürəm ki, belə işlər davam edəcək. Dövlətimiz şəhidlərimizi yaşatmaq üçün hər şey edir və edəcək", - o əlavə edib.

Mühüm tapşırıq almışdı, canını verdi, postunu isə qorudu

O bildirib ki, Samir Əliyev Suqovuşan ilə Talış kəndi arasında olan postu qoruyan zaman şəhid olub.

"Samir həmin postu müdafiə edib. Bunun üçün mühüm tapşırıq alıb. O canını verib, amma postu verməyib, tapşırığı yerinə yetirib. O, dörd əsgərinin şəhid olduğunu görəndə neytral zonaya keçib və orada üzbəüz döyüşüb. Atılan topun küləyi nəticəsində dərəyə düşüb. Samir sentyabrın 29-da şəhid olub. Nəşini isə oktyabrın 15-də gətirdilər", - şəhidin nənəsi bildirib.

Gizir Rufiz Budaqovun atası Şirzad Budaqov deyib ki, oğlu tank komandiri idi.

"Rufiz İkinci Qarabağ müharibəsində Murov yüksəkliyində şəhid olub. O, Birinci Qarabağ müharibəsində də iştirak etmişdi. Vətənini çox sevirdi, onun uğurunda da şəhid oldu".

Övladlarımız ürəkli böyüyəcəklər

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun həyat yoldaşı Gülbəniz Cəfərova deyib ki, yoldaşı 2020-ci ilin oktyabrın 10-da Ağdərə-Suqovuşan istiqamətində şəhid olub:

"Bütün şəhidlərimizin ruhu şad olsun. Artıq torpaqlarımız azaddır. Övladlarımız ürəkli böyüyəcəklər. Bizim 3 övladımız var idi, bir neçə ay öncə qızımızdan biri rəhmətə getdi. Mənə həmişə deyirdi ki, özünü, uşaqları qoru. Allahın qisməti...".

Qeyd edək ki, Zaur Cəfərovun qızı böyrək çatışmazlığından əziyyət çəkirdi.

Seçilən
35
teleqraf.com

1Mənbələr