AZ

Azərbaycan futbolunda həftəyə səs salacaq olay - Çox adam ciddiyə almır

Bəlkə də bu oyun haqda çox danışılmır.

Halbuki 6-cı turun ən gərgin matçlarından biri, bəlkə də birincisi hesab olunur.

Əvvəlki illər olsaydı, “Sabah”la “Sumqayıt”ın Masazırdakı duelinin üstündə çox dayanmaz, meydan sahiblərinin rahat qələbəsindən bəhs edərdik.

Lakin indiki vəziyyət fərqlidir. Daşların yeri tam olmasa da, nisbətən dəyişib.

Dünənə qədər “tələbələr”in sərgilədiyi futbol könülləri xoş edirdisə, indi “kimyaçılar” fəal görünür. Düzdür, son iki görüşdə “İmişli” ilə “Neftçi”yə məğlubiyyətlər qaçılmaz olub. İmişlilərlə Qubadakı dueldə texniki qələbə faktı olmasaydı, “Sumqayıt” 7 xalla orta sıralarda yer alacaqdı. İndiki vəziyyətdə Saşa İliçin rəhbərlik etdiyi kollektiv 10 xalla 2-ci pillədə dayanıb. Serbiyalının oynatdığı futbol barədə çox danışılır.

“Sabah”a gəlincə, qeyri-sabitlik hər mənada özünü göstərir. “Şamaxı” üzərindəki qələbədən sonra “İmişli”yə məğlubiyyət, “Neftçi”ylə oyundakı heç-heçə və “Turan Tovuz” üzərindəki çətin qələbə masazırlıların əvvəlki əzəmətindən uzaq düşdüyünü göstərir. “Neftçi” qol şanslarını sağa-sola xərcləməsəydi, “Turan Tovuz”la oyunda Rəvan Həmzəzadə ədaləti qorusaydı, “Sabah” turnir cədvəlinin zirzəmisindən boylanacaqdı.

Ötən mövsüm ölkə kubokundakı mübarizəni də unutmaq olmaz. Bəli, baş məşqçi və futbolçuların çoxu dəyişib. Ancaq 1/4 finaldakı mübarizə yaddaşlardan silinməyib. Masazırda baş tutan və qolsuz bərabərliklə başa çatan ilk oyun sumqayıtlıları ümidləndirsə də, “Sabah” Sumqayıtdakı 4 cavabsız qol sayəsində həm yarımfinala yüksəlmiş, həm də finalda məhz həmin arenada kuboku başı üzərinə qaldırmışdı.

Müasir futbolda baş məşqçi amili son dərəcə vacibdir. Sistem-mexanizm olmayandan sonra ulduzların adı rol oynamır. Odur ki, serbiyalı Saşa İliçlə İngiltərə futbolunun nəzəriyyəsindən bəhrələnmiş Valdas Dambrauskasın taktiki mübarizəsi də qarşılaşmaya damğa vuracaq. Hər iki çalışdırıcı Azərbaycana bu ilin yayında təşrif buyurduğundan, ilk dəfə üz-üzə gələcəklər.

Qələbə istəyi ilə alışıb-yanan və heyətində bacarıqlı yerli və legioner futbolçuların cəmləndiyi komandaların oyunu gərginliyi ilə yaddaşlarda qalacaq, uzun müddət müzakirə olunacaq. Matçın bol qollu keçəcəyi də ehtimal olunur.

Sentyabrın 28-də “Bank Respublika Arena”da gerçəkləşəcək duel saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr