AZ

“Komandanı silkələdik, heç kim bizə 3 xal gözü ilə baxmasın”

Sportinfo.az xəbər verir ki, "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 6-cı turunun "Neftçi" ilə oyunundan (0:0) sonra keçirilmiş mətbuat konfransında danışıb.

- Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram.

- Bir həftə əvvəl "İmişli"yə 0:3 hesabı ilə uduzdunuz, bu gün isə "Neftçi" ilə 0:0 oynadız. Sizin üçün "İmişli" "Neftçi"dən çətin rəqibdir?

- Elə deməzdim. Sadəcə 3 oyundur ki, birinci hissədə standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazanmışdıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim "Karvan-Yevlax"a 3 xal gözü ilə baxmasın.

- Elvin Yunuszadə niyə yox idi? Onu cəzalandırmısız?

- Xeyr cəzalandırmamışıq. Sadəcə mikro zədəsi var idi. Ona görə heyətə götürmədik ki, qarşıdakı oyuna hazırlaşsın. Bizdə əvəzolunmaz futbolçu yoxdur.

- Səid İranxan çox aqressiv görünürdü. Bunu normal qarşılayırsız?

- Müdafiəyəmeyilli oyunçular aqressiv olmalıdır. Futbol xarakter oyunudur. Normaldır. İstəyərdim ki, müdafiəçilərimiz aqressiv, emosional, hirsli olsunlar. Səidin bu cür davranmağı normaldır.

- Birinci hissədə "Neftçi"nin təzyiqi yüksək idi. Amma ikinci yarıda bunu görmədik. Fasilədə oyunçularla nə danışdınız?

- İkinci hissədə də təzyiq gözləyirdik. Sadəcə oyunçularımıza təmkinli olmağı, top saxlamağı və əks-hücum qurmağı tapşırmışdıq. Bu da bizdə normal alındı.

- Kamran İbrahimovun performansını necə dəyərləndirirsiz?

- Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il "Neftçi"də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik.

Seçilən
11
1
sportinfo.az

3Mənbələr